MBH bəyanat yaydı

Müsəlman Birliyi Hərkatı Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində yaşanan vandallı aktını qınayıb. Hərəkat bununla bağlı bəyanat yayaraq xalqımızı ayıq-sayıq olmağa, yarana biləcək istənilən təxribata getməməyə çağırıb. Bəyanatda deyilir:

"Siyasi irtica qüvvələrinin İslam dininə təzyiqi, eyni zamanda, dinin gözdən salınması istiqamətində addımları, uzun zamandır ki, Böyük Britanıyada öz fəallığı ilə diqqət çəkib. Burada İslam, xüsusi olaraq şiəlik adı arxasında gizlənən bu oyunbazların elə İslam, şiəlik əleyhinə addımları, dünyada çaşdırıcı və dağıdıcı rolda çıxış edir. İllərdir anti-İslam qüvvələrinin böyük maliyyəsi hesabına fəaliyyət göstərən "İNGİLİS ŞİƏLİYİ" qərargah seçdiyi ölkənin hər növ təhcizatı ilə dünyanın müxtəlif dillərində məlumatlar dərc etməkdədir. Qruplaşma, şiə inancı ilə yanaşı müctəhidlərin təhqirini də hədəfi bilərək sistemli şəkildə bu istiqamətdə işlər görməkdədir. Onların kimliyini tanıdan çoxsaylı təhlillər, bu fitnəkarların nəinki şiə, ümumiyyətlə İslamın heç bir məzhəbi ilə əlaqəli olmadığını ifşa edib.
Bu azğın və fitnəkar dəstənin addımları maraqlarına xidmət edildiyi Birləşmiş Krallığın himayəsi altında nəinki fəaliyyət göstərir, hətta irəli gedərək cinayətkar aktlara əl atmaqdan çəkinmir. Bu cinayətlərdən biri 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində yaşanıb. Özünü din xadimi olaraq təqdim edən Yasir Əl-Həbib bir qrup tərəfdarı ilə səfirlik binasına daxil olaraq güya İslam dəyərlərini təbliğ edirmiş kimi, Azərbaycan səfirliyində divarlara dini şüarlar yazaraq dövlətimizin bayrağını çıxarıb, yerinə özləri ilə gətirdikləri bayraqlarını asıblar. Maraqlı odur ki, onlar bütün bunları ingilis polisinin gözü önündə icra ediblər. İslam rəmzinin də yer aldığı Azərbaycan bayrağını çıxaran bu fitnəkarların addımları heç bir müstəviyə sığmayan haldır və bütün bunlara birbaşa İngiltərə cavabdehlik daşıyır. Ölkəsində, anti-İslam qüvvələrinə şərait yaradan, bu təşkilatın maliyyə imkanlarını üzərinə alan bir dövlətin bu addımı həmçinin Aşura ərəfəsi Azərbaycanda dini zəmində qarşıdurma cəhdi olaraq dəyərləndirilməlidir.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq, İslam dini ilə heç bir əlaqəsi olmayan Yasir Əl-Həbibin başçılığı altında Londonda Azərbaycan səfirliyinə qarşı törədilən vandallıq aktını qınayır və bunun özümüzə, Azərbaycanımıza qarşı həmin dövlətin hörmətsizliyi, təhqiri hesab edərək, belə iyrənc addımları dayandırmağı onlardan tələb edir, eyni zamanda hər kəsi, xüsusən inanclıları belə təxribatlar zamanı ayıq-sayıq olmağa çağırırıq."

Müsəlman Birliyi Hərəkatı.
05.08.2022.