MBH AXCP-nin yaranmasının 33 illiyi münasibəti ilə təbrik etdi

Mübarizə meydanına qədəm qoymaq böyük ağıl, cəsarət, məntiq, səbr və bir çox xüsusi keyfiyyətləri tələb edir. Dəyərlərin qorunması ilə mübarizədə addımlamaq həqiqətən çətin, eyni halda məsuliyyətlidir. Bundan çətin isə zamanın imtahan, məşəqqət və təzyiqləri müqabilində dəyişmədən sabitliyi qoruyaraq irəliləməkdir. Azərbaycanın müstəqillik tarixindən günümüzə qədər meydanlarda olub xalqın maraqları, milli suverenlik, azadlıq mübarizəsində rəşadətlə çarpışan bir çox təşkilat, partiyalar və birliklərə bu xalq şahidlik edib. Təəssüf ki, başlanan bu mücadilələr illərlə onların məqsədlərini kənar təsirlərə, bəzən isə maddi maraqlara, vəzifələrə dəyişərək meydanlarda məğlubiyyətə uğradıb. Bir zamanlar müstəqillik tarixinə öz mücadilələri ilə imza qoyanların bəziləri bu gün keçmişindən çox fərqli xətt sərgiləyir. Bunu dəyərləndirmək üçün sadəcə günümüzn reallığına baxmaq yetərlidir.
Amma bu yolda dönməzliyini, mətinliyini, yenilməzliyini qoruyanlarımız da var. Çox böyük və çətin tarix keçmiş və dünəni kimi bu günü də milli düşüncə uğrunda açıq mübarizədə dəyişmədən sabitliyini qoruyan Azərbaycan Xalq Cəbhəsi Partiyası. 33 illik şanlı tarix onlara qarşı bütün töhmət, iftira və yalanlara alnıaçıq, üzüağ, öz əməli nəticələri ilə cavab vermələri AXCP-nin öz prinsiplərinə sədaqət nümunəsidir. Zamanın sınağındakı hədəfləri sinəsini verməklə susdurmaq çox çətin və məsuliyyət tələb edirdi. AXCP bu çətinliklərdən qorxmadan, çəkinmədən onların üzərinə yeridi və bu gün də mübarizə meydanlarında xalqının yanındadır.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 33-illik şanlı mübarizə ilə keçən ildönümünü təbrik edir, bundan sonra da onlara xalqın inam və dəstəyi işığında uğur və müvəffəqiyyət diləyirik.
MBH-Müsəlman Birliyi Hərəkatı.
16.07.2022.