MBH Abid Qafarova qarşı başlanan kompaniyanı pislədi

Müsəlman Birliyi Hərəkatı özünün rəsmi sosial media səhifəsi üzərindən Abid Qafarova qarşı başlanan kampaniyanı tənqid edib. Bəyanatı olduğu kimi təqdim edirik:
 
Azərbaycanda hakimiyyətin törətdiyi cinayətləri gizlətməyə yönəlik, söz-fikir azadlığına qarşı sərt addımlar geniş həbs dalğasını bu gün də aktual edir. Son dövrlər medianın diqqətində olan Gəncə, Tərtər, Nardaran hadisələri başda olmaqla bir çox cinayətlərin işıqlandırılması hakimiyyət tərəfindən güc nümayiş etdirilərək gizlədilməsinə çalışılan hadisələrdir. Həbsxanalardan məzarlığa, psixoloji təzyiqdən fiziki zora qədər edilən bütün cəhdlər bu cinayətin iştirakçıları olan məsul şəxslərin qorunmasına, müdafiəsinə hesablansa da, lakin tarix göstərir ki, bütün cinayət və cinayətkarlar sonunda ədalət mühakiməsinin cəzasından qaça bilməyib.
Bu gün Abid Qafarova qarşı başlanan bu iyrənc kampaniya, xüsusi olaraq qazilərin də bu oyuna vasitə olması növbəti qarayaxma siyasəti, silsilə cinayətlərin işıqlanması üçün çalışan mərd bir insanı susdurmaq, həqiqətləri insanlara çatdırmağa çalışan azad təfəkkürlər önünə güc və qorxu baryerinə hesablanıb. Hər bir ağıl sahibi bu məntiqi aydın görür və arxasında gizlənən sadə həqiqətləri çılpaqlığı ilə anlayır.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq məntiqsiz ittihamların arxasında duran hakimiyyətin silsiləvi olan bu addımını məhkum edir və Abid Qafarova qarşı başlanan bu məzhəkənin dayandırılmasını tələb edirik.
Müsəlman Birliyi Hərəkatı.
11.07.2022.