Macarıstanda fövqəladə vəziyyət elan edilib

Macarıstanda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar sürətli qərarlar qəbul etmək üçün fövqəladə vəziyyət elan edilib.
Operativ.tv SHAFAQNA TURKEY-yə istinadən xəbər verir ki, Baş nazir Viktor Orban Facebook hesabından verdiyi açıqlamada, qonşu Ukraynada davam edən müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırmaq mümkün olmadığını və bu gün and içən hökumətinin bununla bağlı addımlar atdığını bildirib.
Hökumətin müharibə səbəbilə Macarıstanı qorumaq üçün sürətli qərarlar qəbul etməli olduğunu bildirən Orban konstitusiyaya uyğun olaraq bu gecə yarısından etibarən fövqəladə vəziyyət elan edildiyini qeyd edib.
Müharibənin Macarıstanın fiziki təhlükəsizliyi və iqtisadiyyatı üçün təhlükə yaratdığını qeyd edən Orban, ölkəsinin bu müharibədən kənarda qalmasının lazım olduğunu bildirib.
Orban əlavə edib ki, fövqəladə vəziyyət çərçivəsində qəbul edilən ilk qərarları sabah açıqlayacaq.
Xatırladaq ki, Macarıstanda hökumət daha əvvəl qeyri-qanuni miqrasiya və Kovid-19 ilə mübarizə çərçivəsində fövqəladə vəziyyət elan etmişdi.