"Lukaşenkonun səfəri beynəlxalq hüquqa ziddir" - Gürcüstan prezidenti

Gürcüstan prezidenti Salome Zurabişvili Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini "qətiyyətlə pisləyir" və bunu "yolverilməz pozuntu" kimi qiymətləndirir.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, Salome Zurabişvili "Twitter"də müvafiq bəyanat yayıb.

"Mən Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə pisləyirəm. Bu, Gürcüstanın işğal olunmuş əraziləri haqqında qanunun, bizim ikitərəfli münasibətlərimizin və beynəlxalq hüququn prinsiplərinin qəbuledilməz pozuntusudur", - Gürcüstan prezidenti yazıb.

Məlumat üçün bildirək ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziyaya səfər edib. Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya ilə Bişvinti bağ evində görüşüb. Görüşdə Lukaşenko qeyd edib ki, dünən Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşdə Abxaziya məsələsi müzakirə olunub. Onun sözlərinə görə, onlar Abxaziya ilə təkcə "dostluq körpüsü" qurmaq deyil, həm də çox ciddi münasibətlər qurmaq istəyirlər.