Livan: Suriyalı qaçqınları qanuni yolla ölkədən deportasiya edəcəyik

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Livanın baş naziri Miqati bildirib ki, beynəlxalq ictimaiyyət dəstəkləməsə, suriyalı qaçqınların ölkədən qanuni olaraq çıxarılması üçün addımlar atacaqlar.
Livan Nazirlər Şurası ölkədəki böhranlarla mübarizədə izlənəcək yol xəritəsini müzakirə etmək üçün toplaşıb.
Görüşdən sonra mətbuata açıqlama verən Baş nazir Nəcib Miqati 2019-cu ildən bəri davam edən iqtisadi böhran səbəbindən Livan xalqının çox çətin bir prosesdən keçdiyini bildirib.
Livanlıların 85%-nin yoxsulluq həddində yaşadığını qeyd edən Miqati, artıq qaçqın yükünü daşımaq imkanlarının olmadığını vurğulayıb.
Miqati, "Livandakı suriyalı qaçqınların ölkələrinə qayıtması üçün beynəlxalq ictimaiyyəti dəstəkləməyə çağırırıq. Əks təqdirdə, Livan Qərb ölkələrinin istəmədiyi bir rəftar göstərəcək. Livanın tutacağı rəftar suriyalıları qanuni yollarla ölkədən çıxarmaqdır” – deyə bildirib. 
Livanın baş naziri “qanuni yollar” ifadəsi istisna olmaqla, qaçqınların ölkələrinə necə qaytarılacağı ilə bağlı təfərrüata varmayıb.
Qeyd edək ki, BMT-nin məlumatına görə, Livanda 850 min suriyalı qaçqın qeydiyyatdadır. Livan hökuməti bu rəqəmin 1,5 milyon civarında olduğunu bildirir.