Kapitoli hücumçusunu öldürən polisə bəraət verilib

Kapitoli polisi yanvarın 6-da baş verən hücum zamanı Eşli Bebbit adlı nümayişçiyə atəş açan əməkdaşın Konqres üzvlərini və onların əməkdaşlarını ciddi xəsarətlərdən, hətta mümkün ölümdən xilas etdiyi qənaətinə gəlib.  
 
BBC xəbər verir ki, daha əvvəl ABŞ Ədliyyə Nazirliyi polisin özünümüdafiə çərçivəsində hərəkət etdiyini bildirmişdi. 
 
2021-ci il yanvarın 6-da Tramp tərəfdarları Konqres binasına xosularaq prezident seçkilərinin nəticələrinin təsdiqinə mane olmağa çalışmışdılar.  
 
35 yaşlı qadın Eşli Bebbit iştişaş zamanı güllələnən yeganə adam olub.  
 
Hücum zamanı həlak olan daha 3 nəfərin ölümü polisin hərəkətləri ilə əlaqəli olmayıb.  
 
Toqquşmalar zamanı bir polis də həlak olmuşdu. 
 
ABŞ hərbi hava qüvvələrinin veteranı olan Bebbit sosial şəbəkələrdə ultrasağ qəsd nəzəriyyələrinin tərəfdarı olub, eləcə də prezident seçkilərində Co Baydenin dələduzluq nəticəsində qalib gəldiyinə inanıb.  
 
Bebbitə atəş açan polisin adı təhlükəsizlik səbəbindən açıqlanmır. Ona qarşı heç bir tənbeh tədbirləri görülməyəcək. 
 
Kapitoliyə hücumun istintaqı nəticəsində 570 nəfərdən çox nümayişçi cinayət məsuliyyətinə cəlb olunub.