Jurnalist azadlığa buraxılıb

Zaur Qənbərovun azadlığı məhdudlaşdırılıb

“Anews.az” saytının bölgə müxbiri, Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy şöbəsinin müdir müavini və sürücüsünə qarşı xuliqanlıqda ittiham edilərək həbs olunan Zaur Qənbərov martın 19-da azadlığa buraxılıb. Gədəbəy Rayon Məhkəməsinin ötən ilin oktyabrında onun haqqında çıxardığı hökm dəyişdirilib. Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən, Zaur Qənbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi 221.2.2 (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsinə tövsif olunub. Ona kəsilmiş 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası isə 2 il azadlığın məhdudlaşdırılmasıyla əvəzlənib.

Zaur Qənbərov isə özünü ümumiyyətlə, təqsirli bilmir. Deyir ki, onun özü Dövlət Sosial Mudafiə Fondunun Gədəbəy rayon şöbəsində hücuma məruz qalıb. O, rayondakı məmur özbaşınalığı və korrupsiya haqda materiallarına görə sifarişlə həbs edildiyini bildirir.

Cinayət işinin materiallarında yazılıb ki, Zaur Qənbərov müdir müavini İbrahim Ələsgərova stul atıb. Amma həmin vaxt otağa daxil olan sürücü İsfəndiyar Qələndərov mane olub, stul ona dəyməyib. Zaur Qəmbərov hirsindən otaqda olan başqa bir stulu sındırıb. Ona mane olmaq istəyən sürücünü də dəyüb, təhqir edib.

Jurnalist isə ifadəsində bildirib ki, Gədəbəy sakinlərindən birinin uşağına pensiya təyin edilməsilə bağlı şikayətini araşdırmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə gedib. Orada qurumun Almaz adlı əməkdaşıyla bu haqda danışıb, qarşı tərəfin cavabını öyrənib və getmək istəyəndə dəhlizdə şöbənin müdir müavini onu görüb, öz otağına çağırıb. İki gün əvvəl yaşadığı Arıqıran kəndində yardım paylandıqdan sonra boş qutuların əraziyə dağıdılması haqda paylaşdığı video barədə danışıblar. Həmin vaxt otağa daxil olan sürücü İsfəndiyar Qələndərov ona qarşı kobudluq edib, şəxsiyyətini, peşəsini təhqir edib. O, çıxıb getmək istəyəndə dəhlizdə İsgəndiyar düz kameraların altında onu vurub, döyüb. Zaur Qənbərovun sözlərinə görə, o, telefonuyla baş verənləri çəkəndə müdir Elsun Xudaverdiyev gəlib, telefonu əlindən alıb, yerə çırpıb. Əyilib telefonunu götürmək istəyəndə müdir telefonu ayağı ilə tapdalayıb. Həmin vaxt o, telefonunu götürməyə çalışdığına görə təpiklər də əlinə dəyib, iki barmağından xəsarət alıb. Elsun Xudaverdiyev qapıları bağlatdırıb, o vəziyyətdə də onu çıxıb getməyə qoymayıb. Sonradan Zaur Qənbərov polis şöbəsində izahat yazanda da deyib ki, baş verənləri dəhlizdəki kameralar çəkib, o görüntülərə baxılsın.

Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev bildirib ki, Zaur Qəmbərovu 2018-ci ildən tanıyır, onunla ədavəti olmayıb. Zaur Qənbərovun bir neçə dəfə onun iş yerinə gəldiyini deyən şöbə müdirinin sözlərinə görə, o, özünə aidiyyəti olmayan adamların pensiyası, digər sosial məsələləri ilə maraqlanıb. Hadisəyə gəlincə, o, iddia edib ki, həmin gün iş otağında kameradan dəhlizdə bir neçə nəfərin olduğunu görüb, söyüş söyüldüyünü eşidib və çıxıb.

Xudaverdiyev onu da etiraf edib ki, qapının bağlanmasına göstəriş verib, Zaurun getməsinə imkan verməyib: “Polis şöbəsinin rəis müavini Bəhmən müəllimə zəng elədim. Polis əməkdaşları gələnə qədər Zaurun çıxıb getməməsi üçün qapının bağlanmasına göstəriş verdim”.