"İslamın işi dünyadan başlayaraq axirətin təminatçısı olaraq insanı istiqamətləndirməkdir" - Müsahibə

Operativ.tv ilahiyyatçı Hacı Seyid Etibar Məmmədov ilə apardığı müsahibəni təqdim edir:

-İslamın cəmiyyətdə inkişafı üçün nəzəri əsaslardan praktiki fəaliyyət olaraq daha çox hansı istiqqamətdə addımlara ehtiyac duyursunuz?

-İslam dini əməli bir dindir və Allahın Quranda buyurduğu ayələr, əziz Peyğəmbərimiz (s) və onu pak Əhli-beytinin (ə) buyurduğu kəlamlar, yol, əməli bir yoldur. İnsan yalnız əməl vasitəsi ilə bu həqiqətin batininə vara bilər. Buna maneə isə yaxşılığa dəvət və pislikdən çəkindirmənin lazımı, İslamın buyurduğu şəkildə olmamasıdır. Əlbəttə, bu sahədə həmişə nöqsanlar olub və nöqsanlar təbii olaraq bizim, müsəlmanların inkişafına maneələr yaradıb. Ona görə də inanclılar bu sahəyə daha çox diqqət ayırmaqla, fərdi öz fəaliyyətini bu istiqamətdə qurmaqla böyük nəticələr əldə edə bilərlər. Şübhəsiz insan birinci özünü pislikdən çəkindirərək yaxşılığa dəvət etməyə çalışmalıdır. Yalnız özünə islaha qalxan şəxsin başqalarına da nümunə olaraq dəvəti effektiv ola bilər. İmam Əli (ə) oğlu İmam Həsənə (ə) tövsiyələrində buyurur ki, oğlum özün üçün istədiyini başqası üçün istə və özünün acığı gəldiyi şeyləri də başqasına rəva bilmə. Quran da bu prinsipi rəhbər tutaraq insanın özündən başlayaraq cəmiyyətin islahı üçün çalışan bir konsepssiyani diqqətə gətirir. Bu isə inkişafın əhəmiyyətli tərəflərindəndir.

 
-Din və sosial həyat arasında boşluqlar: İnanclıların dinin göstərişlərində səhlənkarlıqları, yoxsa dinin ictimai konsepsiyasının hələ də lazımınca işlək olmaması? Problem nədədir?

-Quran və hədis toplumuz dinin dünya həyatına qarşı olmadığı çox saylı qeydlərlə bəyan edir. İslamın işi dünyadan başlayaraq axirətin təminatçısı olaraq insanı istiqamətləndirməkdir. Təəssüf ki, nəfsi istəklərin təsiri insanın balansı itirməklə dinin göstərişlərini arxa plana salmasına səbəb olur. Təbii ki, fərdlərdən ibarət cəmiyyətin belə nöqtəyə gəlməsi sonunda dinin fəaliyyətini cəmiyyətdə axsadır. Əslində İslamın mükəmməl konsepsiyası təkcə axirə deyil, insanın dünyası üçün də təminatçıdır. Qeyd etdiyimiz kimi, nəfsi istəklərin pozduğu balans səbəbindən din cəmiyyətdə belə bir forma alır. 

-Nümunələr mükəmməldir. Lakin nəticə çox zaman o qədər də müsbət görünmür. Əlbəttə nəzərə almaq lazımdır ki, biz müstəqillik baxımdan kifayət qədər cavan ölkəyik. Necə düşnürsüz, nümunələr lazımınca tanınmır, yoxsa cəmiyyət hələ onların dərki və tətbiqində arzulanan həddə deyil?

-Şübhəsiz nümunələr mükəmməldir. Peyğəmbər (s) və Əhli-beyt (ə) bəşəri nümunə olaraq alidir. Burada problemi iki nöqtədə qeyd etmək olar. Dinin ali nümunələrindən lazımınca məlumatı olanlar və ya bunlardan demək olar ki, məlumatı olmayanlar. Bunu da böyük təəssüflə qeyd etməliyik ki, dindən məlumatlı olanlar belə dini həyat tərzinə çeviəcək cəsarətli addımlar atma tərəddüsündədirlər. Din sankı məscid daxilində, dua və ya Quran oxunan zaman din ola bilər. Hansı ki, Pak Əhli-beytin (ə) parlaq həyat səlnaməsi həyatın hər bir anı üçün praktiki nümunədir. Yalnız dünya və axirət təminatçısı olan bu yol insanlıq üçün yeganədir. Əlbəttə buna bir çox maneələr də vardır. Lakin ilkin olaraq insan şüuru şəkildə bu nümunələri öz həyat tərzində tətbiqi bu maniələrində aşılmasına gətirib çıxaracaq. 

 

-Ənənəvi tövsiyə:  Oxucularımıza məsləhət bildiyiniz kitab.

-Dini mövzuda yazılan kitablar çoxdur və hər birinin özünəməxsus təsiri də vardır. Mənim üçün həssas, əxlaqi kitab olaraq oxucularımıza Şeyx Əhməd Nəraqinin “Meyracus Səadə” kitabını oxumağı tövsiyə edərdim. İslamın praktiki həyat tərzi üçün kitab olduqca mükəmməl dərslikdir.