İslam tarixinin böyük şəxsiyyəti – Həzrət Əbu Talib (ə)

Bağışlayan və Mehriban Allahın adı ilə

 

İslam tarixinin böyük şəxsiyyəti – Həzrət Əbu Talib (ə)

Həzrət Əbu Talibin (ə) təvəllüdü

İbn Həcər Əsqəlani deyir:

ولد قبل النبي بخمس و ثلاثين سنة.

Əbu Talib (ə) Peyğəmbərin (s) dünyaya gəlməsindən 35 il əvvəl dünyaya gəlmişdir.[1]

Peyğəmbər (s) peyğəmbərliyə seçilən il Əbu Talibin 75 yaşı var idi. Mərhum Seyyid Əli Xan Mədəni öz kitabında bu fikri təsdiq etmişdir.[2] Şiə alimlərinin iftixarlarında olan Seyyid Möhsin Əmin özünün Əyan əş-şiə kitabında[3] bu fikri qeyd etmişdir. Qeyd edək ki, bu kitab şiələrin fəxr edilməli kitablarındandır. Bağdadi də Həzrət Əbu Talibin (ə) Peyğəmbərin (s) dünyaya gəlişindən 35 il əvvəl dünyaya gəldiyini təsdiq edir.[4]

Əbu Talibin (ə) məqamı

Əbu Talib (ə) vəsilik məqamına yetişmiş, Allahın əzəmətli nurunun təcəllası, Allah dininin və Peyğəmbərin (s) köməkçisi idi. O, çox böyük tövhidçi, tövhidin və imanın uca mərtəbələrinə yetişmiş şəxsiyyətdir. Lakin o cənabın şəxsiyyəti tarix boyu məzlumiyyətə uğramış, diqqət mərkəzində olmamışdır. Bunun da səbəbi təbii ki, Həzrət Əlinin (ə) atası olmasıdır.

Həzrət Əbu Talib (ə) yaradılış aləmində kifayət qədər böyük bir məqama sahibdir. Onun müqəddəs vücudu Allahın iradəsi ilə rübubiyyət aləminin əzəmətli nurunun təcəllası və ilahi nurun daşıyıcısıdır.  Bu barədə bir çox hədislər mövcuddur. Biz o hədislərin ikisini təqdim edirik:

İmam Baqir (ə) buyurur:

خلق محمدا و خلقنا اهل البيت معه من نور عظمته ...

Allah Təala Məhəmmədi (s) və biz Əhli beyti (ə) Öz əzəmətinin nurundan yaratmışdır. Sonra bizim nurumuzu Adəmin (ə) sülbündə əmanət qoymuşdur. Bu nur Əbdülmüttəlibin sülbündə qərarlaşanadək daim bizim atalarımızın sülbündə və analarımızın rəhmində qərar tutmuşdur.

فافترق النور جزئين جزء في ابيطالب ...

Sonra bu nur iki hissəyə bölündü. Bir hissəsi Peyğəmbərin (s) atası Abdullahın, digər hissəsi isə Əbu Talibin (ə) sülbündə qərar tutdu.

Digər hədisdə isə İmam Sadiq (ə) buyurur:

Allah Məhəmməd və Əlini o nurdan yaratdı. O nuru həmişə peyğəmbərlərin və övliyaların pak sülblərində qərarlaşdırdı. Sonra isə ən pak olan sülbə sahib olan Əbdülmüttəlib və Abdullahın sülbündə bir-birindən ayrıldı. 

Əbu Talib (ə) vəsilik məqamına sahib idi

Mötəbər kitablarda yazılan hədislərə əsasən Həzrət Əbu Talib (ə) böyük peyğəmbərlərin (ə) vəsilərindən olmuşdur. Əllamə Əmini belə nəql edir:

Əmirulmöminin Həzrət Əlidən (ə) soruşdular: Peyğəmbərdən (s) öncə sonuncu vəsi kim olub? Buyurdu: Atam.

İmam Kazim (ə) buyurur: Əbu Talib (ə) Allahın dininə və Peyğəmbərin (s) risalətinə şəhadət verdi. Öz vəsiliyini Peyğəmbərə (s) təhvil verdi və həmin gün dünyadan köçdü.

Məsələ o qədər mühümdür ki, İslamın etiqadi məsələlərinin köklü prinsiplərinə qayıdır. Bu məsələ ondan ibarətdir ki, gərək həmişə Allahın hüccəti yer üzündə olsun. Yaradılış aləmi bir an belə ilahi hüccətsi - peyğəmbər və ya vəsisiz olmamışdır.

Qiyamət günü Həzrət Əbu Talibin (ə) məqamı

Əhli beytin (ə) hədislərini araşdıranda məlum olur ki, Həzrət Əbu Talib (ə) qiyamət günündə çox böyük bir məqama malik olacaq. İmam Sadiq (ə) buyurur:

Həqiqətən Əbu Talib (ə) qiyamət günü peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birgə və eyni mərtəbədə olacaq.

Yenə də İmam Sadiq (ə) buyurur:

Bir gün Əmirulmöminin Həzrət Əli (ə) Rəhbədə (Şam ilə Mədinə arasında olan bir məntəqə) oturmuşdu. Bir kişi ayağa qalxdı və öz qərəzli əqidəsinə müvafiq şəkildə dedi: Ya Əli, necə olur ki, sən bu qədər böyük bir məqama maliksən, lakin atan Əbu Talib (ə) cəhənnəm atəşində ilahi əzaba düçar olub? Həzrət (ə) qəzəbləndi və buyurdu: Sakit ol, Allah dişlərini sındırsın! And olsun Məhəmmədi (s) haqqa məbus edən Allaha, əgər atam Əbu Talib (ə) qiyamət günü yer üzündə olan bütün günahkarlar üçün şəfaət eləsə, Allah onun şəfaətini qəbul edər. And olsun Məhəmmədi (s) haqqa məbus edən Allaha, qiyamət günü Əbu Talibin (ə) nuru Peyğəmbər (s), mən, Həsən (ə), Hüseyn (ə) və Hüseynin (ə) nəslindən olan digər İmamların (ə) nuru istisna olmaqla, bütün yaradılışın nurundan daha parlaq olacaq. Çünki onun nuru biz Əhli beytin (ə) nurundandır. Allah o nuru Adəm yaradılmamışdan iki min il əvvəl yaratmışdı.

Bununla belə niyə Əbu Talibin (ə) bu qədər uca məqamı ola-ola onu məzlum ediblər və ona məhəbbət bəsləmirlər?

Əbu Talibin (ə) imanı barəsində şiələrin icması

Şiələr əvvəldən indiyədək Əbu Talibin Allahın təkliyinə, İslam dininə və Peyğəmbərin (s) risalətinə iman gətirməsi üzərində icma etmişdir. Əhli beytin (ə) və onların davamçılarının bir məsələdə icma etməsinin hüccət olmasında isə şəkk-şübhə yoxdur. Çünki Peyğəmbər (s) Səqəleyn hədisini buyurmaqla Əhli beytin (ə) söz və nəzərlərini hüccət qərarlaşdırmışdır.

Əbu Talibin (ə) açıq-aşkar tövhidə və nübüvvətə iman bəsləməsini etiraf etməsi

Müxtəlif məclislərdə Peyğəmbər (s) Qüreyşlə oturub onları tövhidə dəvət edirdi. Qüreyş də qəbul etmirdi. Bir gün yenə belə bir hadisə baş verəndə Əbu Talib (ə) camaatı sakitləşdirdi. Sonra öz qardaşı oğluna ərz etdi:

قم يا سيدي فتکلم بما تحب و بلغ رسالت ربک فانک الصادق المصدق

Ey mənim ağam, ayağa qalx, istədiyini danış və Rəbbinin risalətini çatdır.. Çünki sən doğru danışan və təsdiqlənən peyğəmbərsən.

Əbu Talibin (ə) imanı Quranda

İmam Baqirin (ə) “Və həmçinin səcdə edənlər arasında (qiyam, rüku və səcdə) hərəkətlərini (görür).” ayəsinin barəsində buyurduğu hədisdən aydın olur ki, Həzrət Peyğəmbərin (s), Həzrət Əlinin (ə) və digər İmamların (ə) əcdadının hamısı təkallahlı və mömin olublar.

Əbu Talibin imanı hədislərdə  

Əllamə Əmini öz Əl-Ğədir adlı dəyərli kitabının 7-8-ci cildində əhli-sünnənin mötəbər kitablarından istifadə etməklə bu barədə bir çox dəlillər gətirmişdir. Nümunə üçün bir neçəsini qeyd edirik:

İmam Məhəmməd Baqir (ə) buyurub: Əgər Əbu Talibin (ə) imanının tərəzisinin bir gözünə, digər varlıqların da imanını tərəzinin o biri gözünə qoysalar, Əbu Talibin (ə) imanı ağır gələr.

İmam Cəfər Sadiq (ə) buyurub: Həqiqətən Əbu Talib (ə) əshabi-kəhf kimidir. Belə ki, əshabi-kəhf imanını gizlədir və aşkarda özlərini müşrik kimi göstərirdilər. Allah Təala onların əcrini ikiqat verdi.

Qısa olaraq deyək ki, Həzrət Əbu Talib (ə) Allaha, Peyğəmbərin (s) risalətinə və İslam dininə iman gətirmişdi. Lakin bir sıra hikmətlərə əsasən – belə ki, bu hikməti yalnız övliyalar bilir- öz imanını gizlətmişdi. Hikmətlərdən biri də bu idi ki, Peyğəmbərin (s) düşmənləri Əbu Talibi (ə) öz tərəfdarı hesab edirdilər, lakin Əbu Talib (ə) də bu fürsətdən istifadə edib onların yanında Peyğəmbəri (s) və onun dinini müdafiə edirdi.   

İslamda Əbu Talibin (ə) əzəmətli və həll edici rolu

Əbu Talib (ə) öz həyatını və varlığını Allah, İslamın təbliği və Peyğəmbəri (s) müdafiə etmək yolunda ixlasla fəda etdi. Peyğəmbər (s) Əbu Talib (ə) dünyasını dəyişən zaman buyurdu: Əmican, uşaqlıqda məni tərbiyə etdin, mən yetim qalanda məni öhdənə götürdün, mən böyüyəndə mənə kömək etdin. Allah mən tərəfdən sənə xeyirli mükafat əta etsin!

Əbu Talib (ə) buyurardı: Qardaş oğlu, Allaha and olsun ki, mən torpağın altında yatanadək müşriklər heç vaxt sənə zərər verə bilməzlər.

Əbu Talibin (ə) öz oğlunu fəda etməsi iddiasının düz olmasının nişanəsidir

Əbu Talib (ə) öz oğlunu Peyğəmbərin (s) yerində yatızdırdı ki, müşriklər Peyğəmbərə (s) zərər verə bilməsinlər. O, bir an belə Peyğəmbərdən qafil deyildi. Peyğəmbər (s) buyurardı ki, Əbu Talib (ə) sağ olduğu müddətdə müşriklər məndən çəkinərdilər.

Əbu Talibin vəfatı

Əhli sünnə Əbu Talibin (ə) vəfat tarixi barəsində ixtilafa düşüblər. İbn Həcər Əsqəlani deyir:

مات أبوطالب في السنة العاشرة من المبعث و كان له يوم مات بضع و ثمانون سنة.

Əbu Talib (ə) besətin 10-cu ilində dünyasını dəyişdi. Dünyasını dəyişərkən onun səksən neçə yaşı var idi.[5]

İbn Əsir yazır:

O, hicrətin 10-u, zilqədə ayının əvvəli dünyasını dəyişib. Bəziləri deyib ki, o, şəvval ayının ortası vəfat edib. Həzrət Xədicə (s.ə) də Əbu Talibin (ə) vəfatından üç gün sonra dünyasını dəyişmişdir. Bəziləsi isə deyib ki, Həzrət Xədicə (s.ə) Əbu Talibin vəfatından sonra bir ay, bəziləri isə bir ay beş gün, bəzilər isə əlli gün sonra dünyasını dəyişdiyini qeyd ediblər.[6]

Lakin şiə alimlərindən olan Şeyx Tusi (r.ə) deyir:

و في اليوم السادس و العشرين من شهر رجب كانت وفاة أبي طالب رحمة الله عليه.

Rəcəb ayının 26-sı Əbu Talibin (ə) vəfat günüdür.[7]

Əllamə Məclisi (r.ə) də bu nəzəri elə Misbah əl-mutəhəcciddən və Kəfəminin Misbah kitabından[8] nəql edir.[9]

Sonda əhli-sünnənin böyük alimi Fəxri Razinin Əbu Talib (ə) barəsində olan tərifini sizin nəzərinizə çatdırırıq:

Əgər Əbu Talib (ə) və oğlu Əli (ə) olmasaydı İslam təcəssüm edib bərpa olmazdı. Onların hər ikisi Allah üçün qiyam etdi. Əbu Talib (ə) Məkkədə Peyğəmbərə (s) pənah verdi, Həzrət Əli (ə) isə Mədinədə son damla qanınadək döyüşdü.

 

Mənbələri verilmişlərdən əlavə istifadə olunmuş ədəbiyyat

1. Əl-Ğədir, c. 7-8, Əllamə Əmini

2. Tərcumə əl-Ğədir, c. 14-15

3. Əbu Talib məzlume tarix

4. Bihar əl-ənvar, c. 15, Əllamə Məclisi

5. Səfinə əl-bihar, c. 2, s. 81, Qumi

6. Hilyə əl-əbrar, Bəhrani

 

Tərcümə etdi: Fərhad Mirzə

 

[1] Əl-İsabə, c. 7, s. 196

[2] Əd-dərəcat ər-rəfiə fi təbəqat əş-şiə, s. 41

[3] Əyan əş-şiə, c. 8, s. 114

[4] Xizanə əl-ərəb, c. 2, s. 67

[5] Əl-İsabə, c. 7, s. 203

[6] Usd əl-ğabə, c. 1, s. 19

[7] Misbah əl-mutəhəccid, s. 812

[8] Misbah Kəfəmi, s. 566

[9] Bihar əl-ənvar, c. 19, s. 24