İranlı nazir: "Şimal-Cənub" Dəhlizi bu il istifadəyə veriləcək"

Yəqin ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu ilin ikinci yarısında istifadəyə veriləcək.

Operativ.tv APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Oci deyib.

O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tamamlandıqdan sonra İran və Rusiya arasında ticarət dövriyyəsinin yaxın il yarım ərzində 40 milyard dollara çatdırılacaq.

Rusiya nümayəndə heyətinin Tehrana səfəri haqqında danışan Cavad Oci qeyd edib ki, hazırda iki ölkənin ticarət dövriyyəsi illik 4 milyard dollardır: “Əldə olunmuş razılaşmalar və proqramlara uyğun olaraq bu rəqəmin ildə 40 milyard dollara çatdırılması nəzərdə tutulub. İki ölkə arasında ticarət əsasən enerji, nəqliyyat, sənaye, tibb və kənd təsərrüfatı sahəsində inkişaf etdiriləcə”.

O vurğulayıb ki, Rusiya İrana 5 milyard dollar məbləğində kredit xətti ayırıb: “Bu kredit xəttinin 50 faizini İslam Respublikası indiyədək müxtəlif layihələrə istifadə edib”.

Cavad Oci bildirib ki, “Şimal-Cənub” Dəhlizi ilə bağlı Yol və Şəhərsalma Nazirliyində Xüsusi işçi qrupu yaradılıb: “İşçi Qrup Rəşt-Astara dəmir yolu xəttinin təkmilləşdirilməsi, bu dəmir yolunun Gərmsar və İncəburun dəmir yolu xəttinə birləşdirilməsi, eləcə də dəmir yolu xəttinin limanlara birləşdirilməsi məsələlərini tezləşdirmək üçün çalışacaq”.