İranda baş verən son hadisələr, həbslərlə bağlı Ayətullah Xameneidən mühüm qərar

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Ayətullah Xamenei İranda son hadisələrdə həbs olunanlar üçün ümumi amnistiya elan edib.

İran Ədliyyə sədrinin Ayətullah Xameneiyə tövsiyəsindən sonra Ümumi və İnqilab Məhkəmələri, eyni halda Məhkəmələr tərəfindən mühakimə olunanların, o cümlədən son hadisələrlə bağlı təqsirləndirilən və mühakimə olunanların əhəmiyyətli bir hissəsinin əfv olunması və ya cəzalarının azaldılması təklifini İslam İnqilabının Rəhbəri qəbul edib.

İran Məhkəməsinin sədri Ayətullah Xameneiyə yazdığı məktubda bu sözləri deyib: “Son günlərdə baş verən hadisələrdə düşmənin təlqin və təbliğatı nəticəsində bir çox insanlar, xüsusən də gənclər tərəfindən nahaq davranışlar və cinayətlər törədilib. İndi xarici düşmənlərin plan və sui-qəsdlərinin, antiinqilab və xalq əleyhinə hərəkatların ortaya çıxması ilə bu insanların xeyli hissəsi bağışlanmaq diləyir”.

Ədliyyə sədrinin məktubunda aşağıdakı qruplar istisna edilib: “Odlu silah ticarəti və qaçaqmalçılığı ilə məşğul olanlar, oğurluq və banditizmlə məşğul olanlar, narkotik və psixotrop maddələrlə bağlı cinayətləri törədənlər, korrupsiya və fahişəlik mərkəzləri açanlar, spirtli içkiləri qaçaqmalçılıq yolu ilə keçirənlər, mütəşəkkil, peşəkar və iri miqyaslı qadağan olunmuş mallar keçirənlər və qaçaqmalçılıq yolu ilə pul keçirənlər, iqtisadi sistemin pozulmasında böyük rol oynayanlar, daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törədənlər bu məsələdə istisnadır”