İran ABŞ sanksiyalarından əziyyət çəkən Livana yanacaq tankerləri göndərir

İran, ölkənin elektrik stansiyalarının istismarına kömək etmək üçün bir-iki həftə ərzində yanacaqla dolu gəmiləri Livana göndərməyə hazır olduğunu açıqlayıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə İranın Beyrutdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, “İran yanacağı ilə yüklənmiş tankerlər bir-iki həftə ərzində Livana doğru üzmək və Livan tərəfinin göstərdiyi limanda yan almağa hazır olacaq”.

Səfirlik əlavə edib ki, müvəqqəti baş nazir Nəcib Miqati və energetika naziri ilə razılığa əsasən, Livan nümayəndə heyəti İranın Energetika və Neft Nazirliklərinin müvafiq rəsmiləri ilə yanacaq sahəsində Livana kömək etmək barədə danışıqlar aparır.

Öz növbəsində, Reuters Livanın Energetika Nazirliyinin sözçüsünə istinad edərək bildirib ki, onlar "yanacaq idxalı ilə bağlı razılığın əldə edilib-edilməməsindən xəbərsizdirlər, lakin o, istənilən yerdən istənilən hədiyyənin xoş qarşılandığını" deyib.

Bu arada Livanın xarici işlər naziri Abdullah Buhabib Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə görüşüb və ikitərəfli əlaqələri müzakirə ediblər.

Qeyd edək ki, Livan, idxal üçün lazımi valyutanın olmaması səbəbindən elektrik enerjisi istehsalı üçün lazım olan yanacaq çatışmazlığından əziyyət çəkir və bu, sürətlənən iqtisadi çöküş fonunda ciddi yanacaq böhranına səbəb olub. Livanda yeddi elektrik stansiyası var, onlardan beşi fəaliyyətini dayandırıb, qalan iki stansiya müəyyən məhdidiyyətlə işləyirlər.