İnanclılar ilə bağlı yeni qanun layihəsinin mahiyyəti nədir?

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

 

Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

 

Sənəddə qeyd edilib ki, uşaqların dinə etiqada məcbur edilməsi qadağan olunur.

 

Baş verən hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

 

Rakurs.tv mövzu ilə bağlı hüquqşünas Samirə Ağayevadan münasibət öyrənib.

 

Samirə Ağayeva məcburiyyəti sübut etməyin mümkün olmayacağını vurğulayıb: "Qeyd olunan qanun layihəsində söhbət uşaqlardan gedir. Qanuna görə 18 yaşına çatmayan şəxs uşaq sayılır. Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanuna görə uşağın fikir, vicdan və söz azadlığı var. Bu hüquq həmçinin beynəlxalq hüquq normalarında da əks olunub. Məsələn, Uşaq haqqında Konvensiyasının 14-cu maddəsində. Bu o deməkdir ki, hər bir uşaq anadan gəlmə ayrılmaz hüquqlara malikdir. Sözü gedən qanun layihəsində "məcbur" sözü mövcuddur. Təbii ki, heç bir işdə məcburiyyət qəbulolunmazdır. Bu halda məcburiyyəti sübut etmək, demək olar, mümkünsüz olacaq".

Hökumət hansı kriteriyalar ilə valideynləri məcburi dini etiqad etdirməkdə ittiham edəcək? Yəni bu hardasa təcrübədə varmı? suallarına isə Samirə Ağayeva belə cavab verib:

 

"Uşaqların öz hüquqların olmasına baxmayaraq, hər bir halda onların tərbiyəsi və təhsili ilə bağlı məsələləri valideynlər həll edir. Hökumətin dini camiə ilə olan problemləri nəzərə alsaq, Azərbaycanda belə bir qanun siyasi arenada olan dindar şəxslərə qarşı istifadəyə gətirib çıxara bilər. Bundan əlavə də, qanunda hansısa məcburiyyətin müəyyənlik kriteriyaları nəzərdə tutulmalıdır. Onlar dəqiq olmalı və təcrübədə mümkün olmalıdır. Əks halda, yuxarıda qeyd edildiyini kimi, qanun yenidən yalnız hökumətə müxalif olan dindar şəxslərin cəzalandırılmasına gətirib çıxaracaq".