İmran Xanın 400-ə yaxın tərəfdarı həbs edildi

Pakistan polisi dünən axşamdan etibarən ölkənin keçmiş baş naziri İmran Xanın tərəfdarlarının evlərinə basqın etməyə başlayıb.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, 400-ə yaxın İmran Xan tərəfdarının saxlanıldığı reydlər zamanı keçmiş baş nazirin tərəfdarının polisə atəş açması nəticəsində bir polis əməkdaşı həlak olub.

Reydlər zamanı açıqlama verən Pakistan Polis Departamenti İmran Xanın tərəfdarlarının hökuməti növbədənkənar seçki keçirməyə məcbur edən planlı etiraz aksiyası keçirməyə hazırlaşdıqlarını bildikdən sonra hərəkətə keçdiklərini və həbs edildiyini açıqlayıb.

Pakistanın daxili işlər naziri Rana Sanaullah Xanı ölkədə vətəndaş müharibəsi başlatmağa cəhddə günahlandırıb və bildirib ki, bir Xan tərəfdarı Lahor şəhərində bir polis əməkdaşını güllələyib.

Keçmiş baş nazir İmran Xan çərşənbə günü tərəfdarlarını paytaxt İslamabadda toplaşmağa çağırıb və hökumət erkən seçkiləri qəbul edənə qədər etirazlarını davam etdirəcəklərini açıqlayıb.