İmam Hüseyni (ə) tanımağın məsuliyyətini demirəm, heç olmasa Yezidə lənət oxumağın azacıq da olsa məsuliyyətini dərk edin!

Müsəlman Birliyi Hərəkatı sədri Tale Bağırzadə bəyanat yayıb. İlahiyyatçı öz sosial səhifəsi üzərindən zülm və haqsızlığa göz yumanları qınayıb. Bəyanatda deyilir:

"Yaşadıqları cəmiyyətdə ədalətsizlik, haqsızlıq və zülmə göz yumaraq Yezidi lənətləyənlərə, əgər fürsəti olsaydı Yezid mütləq belə qarşılıq verərdi: “Ey cəsarətsiz qorxaqlar! Məni lənətləyirsiz? Əgər sizlərdən hər biriniz mənim hakimiyyətim dövründə yaşasaydınız, mən sizlərdən bir ordu düzəldər, məsuliyyət hisslərində laqeyd olan, sizləri kütləşdirən sevimli din xadimlərinizlə ordunuzun müzəffər rəhbər və sərkərdələrini təyin edib İmam Hüseyni (ə) öldürməyə, onu daşlamağa göndərərdim. İnsafınız olsun, məni deyil, öz həyat tərzinizi lənətləyin".
Cənablar! İmam Hüseyni (ə) tanımağın məsuliyyətini demirəm, heç olmasa Yezidə lənət oxumağın azacıq da olsa məsuliyyətini dərk edin!
Salam olsun İmam Hüseyn (ə) məktəbinin həqiqi ardıcıllarına!"

Hacı Tale Bağırzadə.
Qobustan həbsxanası.
02.08.2022.