İlahiyyatçı Hacı Elgün Axund son zamanlar baş verən bəzi aktual hadisələrə mövqe bildirdi

Bismillahirrəhmanirrəhim

Bu il Məhərrəm ayı başlanan kimi müşahidə etdiyim bir neçə hadisələrə münasibət bildirmək istərdim. Birinci ongünlük başlanar-başlanmaz Din düşmənləri hərəkətə keçdilər. 
1.Elşad Miri və bu səviyyəli “insan”lar dinin müxtəlif qayda-qanunlarına özlərinin cılız düşüncə və təfəkkürlərinə əsasən şərh verməyə başladılar. Bu əslində onlar üçün təbii bir şeydir, çünki onlar özləri bu həaytı yaşayırlar. Evlənəndə kəbin oxumurlar ki, zina etsinlər və zinadan əmələ gələn övladlar dünyaya gətirsinlər, şəhid, ölü ehtiramı bilmirlər, onlara ağlamırlar, əzizləri valideynləri öləndə sevinib şadlanırlar.
2. “Covid-19” bəhanəsi ilə məscidlərə məhdudiyyət qoymaq, İmam Hüseyn (ə) məclislərini dağıtmaq. Amma bunu ölkədə qeyd olunan başqa tədbirlərdə etmədilər. Məs: futbol, formula, konsert vəs. 
3. Nəhayət bir dəstə utanmadılar, İranda təhsil alan azərbaycanlı xanımların iffətinə dil uzatdılar. Belələri Türkiyədə, Dubayda və başqa ölkələrdə azərbaycanlı qadınların hansı işlərlə məşğul oduqlarını ya bilmirlər ki, bu mümkün deyil, ya da qeyrətləri nəm çəkib, o da əgər varsa. Amma mənim qənaətim budur ki, bunlar qeyrətin iyini belə duymayıblar.
Bütün bunlar bizə 1400 il bundan əvvəlki Kərbəla meydanını xatırlatmırmı? 
Məhərrəm ayının 1-dən Kərbəlada iki qoşun üz-üzə gəldi, Biri Dini inkar edən, Zinadan əmələ gələn Yezidin qoşunu. Digəri Dini müdafiə edən, Onun yaşaması üçün hər şeyini qurban verməyə hazır olan İmam Hüseyn (ə) və Onun tərəfdarları. 
Yezid özü dəfələrlə demişdi “Bəni Haşim sizə oyun oynadı, nə Peyğəmbər gəlib nə də vəhy nazil olub”. Bu gün də Məhərrəm ayının 1 dən kəbini inkar edənlər, yəni özlərinin də kəbinlərinin olmasını şübhə altına atanlar Dinə, Aşuraya hücum edirlər. 
Aşura günü Kərbəlada Xanım Zeynəb (sə) və Onun kimi iffətli qadınlara hücum etdilər. Bu gün də Məhərrəm günlərində Yezidin davamçıları Xanım Zeynəb kimi iffətli qadınlara dil uzadıb onların iffətlərini özlərinin düşüncələrinə görə sual altına atırlar. Halbu ki, o xanımların əksəriyyəti ailə həyatı qurduqdan sonra həyat yoldaşları İranda təhsil alır deyə yoldaşları ilə birlikdə gedənlərdir. Yəni Quran dili ilə bu xanımlar “muhsənat” (ismətli qadın) adlanırlar. Quran belə qadınları zinada günahlandıranları əsl fasiqlər adlandırır və belələrinin şahidliyini qəbul etməməyi əmr edir.
Burada İmam Sadiq (ə)-ın məşhur hədisi yada düşür, “Hər gün Aşura və hər yer Kərbəladır”
Əslində belələri Quran dili ilə desək səs-küy salanlardır, “Kafirlər: "Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz"– dedilər”. Fussilət-26. 
Bunlar da Məhərrəm ayı başlanan kimi səs salırlar ki, Hüseyn-Hüseyn sədaları eşidilməsin.
Ağılları olsa Kərbəladakı qoşunun son aqibətinə baxıb özlərinin sonunu görə bilərlər. Əgər Kərbəladakı düşmən qoşununun sonunu bilmirlərsə bir xatırlama verim: Mənşəyi bilinməyən insanlar, illərlə günah, fəsad, haram işlərlə məşğul olanlardır. İmam Hüseyn (ə) onlara belə buyurdu: “Sanki Kərbəlada çöl yırtıcılarının ac qarınlarını və boş xurcunlarını doldurduqlarını görürəm”. İmam Hüseyn (ə)-ın və Kərbəla şəhidlərinin pak məzarlarına milyonlarla insanın axın etdiyi halda, onların bilinməyən qəbirləri hansısa zibilliklərdə, bilinənlərin də insanlar tərəfindən murdarlandığının tarix şahidi olmaqdadır. Əgər o aqibəti istəmirlərsə onda əməllərindən əl çəksinlər. Yox əgər onları aqibət maraqlandırmırsa onda gözləsinlər biz də gözləyirik. Allah Qurani Kərimdə buyurur: “Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş əzablı günlərin bənzərinimi gözləyirlər? De: "Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm". Yunis-102.