İkinci Qarabağ Müharibəsində canından keçən ruhanimiz- Şeyx Elməddin Vəlişov – Video

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ermənistan işğalçı qüvvələrinin Azərbaycan Respublikasına qarşı başlatdığı İkinci Qarabağ Müharibəsinin qəhrəmanları sırasında ilk növbədə Şiə Ruhaniləri yer tutur.

Həm ziyalı həm də bildiklərinə əməl edən əməlisaleh Şiə Ruhaniləri müharibənin ilk günərindən cəbhəyə gedərək, döyüş meydanında da öndərlərdən oldular. Bunların sırasında Qum Elmi Hövzəsinin yetirməsi, Höccətül İslam, Şəhid Şeyx Elməddin Vəlişov müharibənin müqavimət simalarındandır.

Cəlilabad rayonundan olan ruhani alim Şəhid Şeyx Elməddin Vəlişov hələ iyul ayında könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdi. O Cəbrayıl, Füzuli, Qubadlı eləcə də Xocavəndin bir sıra kəndlərinin düşməndən azad edilməsində fəal şəkildə iştirak edib. Dininə bağlı və vətənpərvər bir gənc olan Elməddin barədə onun atası Fuad Vəlişov bildirib ki, general mayor Polad Həşimovun şəhid olmasından çox sarsılan Elməddin bundan sonra könüllü olaraq döyüşlərdə iştirak etmək üçün müraciət etmişdi.

Fuad Vəlişov həmçinin elavə edib ki, Elməddin döyüş zamanı əlindn yaralansa da inadla döyüşü davam etdirmək istəyib.

Elməddinin anası Minarə xanım isə övladı ilə bağlı xatirələrindən danışıb.

Elməddinin yaxınları da öz növbəsində bildiriblər ki, şəhidimiz çox ünsiyyətcil və savadlı bir gənc olub. O hər zaman öz biliyini ətrafındakılarla paylaşar və hər kəsin maariflənməsi üçün əlindən gələni edərdi.

Höccətül-İslam Maarif Səfərov və Şeyx Elməddin Vəlişov kimi mömin cavanların timsalında bu müharibədə dünyasını dəyişən bütün Azərbaycan şəhidlərinin ruhları şad olsun. Onlar şəhidlər ağası İmam Hüseynə (əleyhimus səlam) iqtida edərək, Allah yolunda şəhidlik zirvəsinə ucalıb əbədi səadətə qovuşdular.