İki media təmsilçisi minaya düşüb həlak oldu

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-ü Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər. Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak olub.

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də həyatını itirib.

Xəbəri AZƏRTAC yayıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, iyunun 4-ü saat 11 radələrində televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu sərnişin avtomobilinin tank əleyhinə minaya düşməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.