İddiaçılar Turniri: Teymur Rəcəbov yenə heç-heçə edib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Operativ.tv "Report"-a istinadən məlumatına görə, 35 yaşlı qrossmeyster IV turda qara fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Oyun 41-ci gedişdə heç-heçə ilə başa çatıb.

Təcrübəli şahmatçı I və III turda müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca və FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə sülhə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub.

O, hazırda 1,5 xalla Firuzca ilə 6 - 7-ci yerləri bölüşdürür.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.