Hüquq müdafiəçilərinin 2021-ci ildə Azərbaycanda insan hüquqlarının pozuntuları haqqında hesabatı

 

Turan: Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda insan hüquqlarının durumuna dair alternativ və açıq mənbələrdən toplanmış məlumatlar əsasında mülki, siyasi və sosial hüquqların pozulması hallarına dair hesabat hazırlayıb.

Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində əvvəlki illərdə qeydə alınan problemlər 2021-ci ildə də müşahidə olunub və ölkədə bu halların sistemli səciyyə daşıması müəyyən edilib. SMDT bu il boyunca 580 fakt əsasında 676 hüquq pozuntusu qeydə alıb. Bu pozuntular arasında sosial təminat hüququ, ədalətli mühakimə və məhkəmə araşdırması hüququ, sərbəst toplaşmaq azadlığı, tibbi yardım hüququ, ifadə azadlığı, adekvat yaşayış standartı kimi hüquqların pozulması üstünlük təşkil edib. Ümumiyyətlə, qeydə alınmış 676 hüquq pozuntusundan 310 hal mülki və siyasi hüquqlar, 366 hal isə sosial-iqtisadi hüquqlar kateqoriyasına daxil olub.

Sənəddə qeyd edilir ki, 2021-ci il ərzində ölkədə iqtisadi duruma mənfi təsir göstərən əsas faktorlardan olan COVİD-19 pandemiyası sosial yaşayış şərtlərini çətinləşdirib. Xüsusən aztəminatlı ailələrə ünvanlı sosial yardımının təyin olunması və digər sosial müavinətlərin verilməsində bürokratik əngəllər sosial təminat hüququnun pozulması ilə bağlı şikayətlərinin əsasını təşkil edib.

Bununla yanaşı, 2020-ci ildə Ermənistanla 44 günlük müharibədə yaralanan keçmiş döyüşçülərin əlilliklərinin təyin olunması və reyestri ilə bağlı çatışmazlıqlar qeydə alınıb.

Siyasi məhbusların sayı il ərzində ciddi şəkildə azalmayıb, ilin əvvəlində verilən əfv sərəncamında 39 nəfər siyasi məhbusun adı yer alıb. Qondarma və siyasi motivli ittihamlarla azadlıqdan məhrsum olunmuş şəxslər aclıq aksiyası və digər formalarda etirazlar ediblər. İcra hakimiyyəti orqanları və polis bir qayda olaraq dinc toplantılara müxtəlif səbəblərdən icazə verməyib, toplantılara müdaxilə edib və bu müdaxilə əksər hallarda polis zorakılığı, həbslər və iştirakçıların inzibati qaydada cərimələnməsi və ya həbsi ilə nəticələnib.

Müstəqil media və ifadə azadlığı il ərzində davamı olaraq təzyiq altında olub. Müstəqil media orqanları və peşəkar jurnalistlər peşə fəaliyyətlərinə görə veb-saytlarına giriş müdaxilələri, sosial media hesablarının ələ keçirilməsi kimi pozuntularla qarşılaşıblar. İlin sonunda qəbul edilən “Media haqqında” yeni qanun müstəqil media orqanları və jurnalistlərin fəaliyyətini məhdudlaşdırma cəhdi kimi qiymətləndirilib.

Vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini tənzimləyən normativ aktlara dəyişiklər edilməyib, 2013-2014-cü illərdə siyasi motivlərlə həbs edilən hüquq müdafiəçilərinin hüquqlarının pozulması barədə Avropa İnsan Hüquqları Məhkəməsinnin verdiyi qərarlar icra edilməyib

SMDT ölkədə sosial, mülki və siyasi hüquqların müdafiəsi üzrə vəziyyətin təkmilləşməsi və insan hüquqları ilə bağlı böhranın aradan qalxması üçün dövlət orqanlarına aşağıdakı tədbirlərin görülməsini təklif edir:

• Aztəminatlı ailələr, müharibə iştirakçıları və əlilliyi olan şəxslərin sosial təminatı ilə bağlı müraciətlərin operativ və şəffaf araşdırılması ilə bağlı mexanizmlər təkmilləşdirilsin;

• Koronavirus pandemiyası dönəmində sosial ehtiyacların adekvat qarşılanması üçün mövcud sosial yardım proqramları təkmilləşdirilsin və tətbiq edilən qadağalardan ictimai fəallara qarşı polisin sui-istifadə halları dayandırılsın;

• Azərbaycanda məhəmə-hüquq sisteminin müstəqilliyinin təmin olunması ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələri icra olunsun, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası təmin olunsun və müvafiq pozuntulara cavabdeh şəxslərin hüquq-mühafizə və məhkəmə sistemindən uzaqlaşdırılması təmin edilsin;

• Hakimiyyət siyasi iradə nümayiş etdirərək, siyasi məhbsuların azadlığa çıxması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının qətnamələri və yerli hüquq müdafiə təşkilatlarının hesabatlarını nəzərə almalıdı;

• İşgəncə və pis rəftarla bağlı vətəndaşların şikayətləri vaxtında və şəffaf şəkildə araşdırılısın, media orqanları və hüquq müdafiəçilərinə saxlanma yerlərinin vəziyyəti ilə bağlı baxış keçirmək imkanı yaradılsın;

• Vətəndaşların ifadə azadlığının müdafiəsi ilə bağlı AİHM-in müvafiq qərarlarından irəli gələn müddəalar icra edilsin, sosial media istifadəçilərinə qarşı təqiblər dayandırılsın, “Media haqqında“ yeni qanunun Avropa Şurası və ATƏT standartları əsasında təkmilləşdirlməsi təmin edilsin;

• Pandemiya qadağaları əsas götürülərək, vətəndaşların dinc etiraz aksiyalarının qadağan edilməsi ənənəsi aradan qaldırılsın, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə uyğun təkmilləşdirilsin;

• Vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinə məhdudiyyətlər yaradan müddəalar “QHTlər haqqında”, “Hüquqi şəxslərin reyestri haqqında” və “Qrant haqqında” qanunlardan çıxarılsın, bu normativ aktlar Avropa Şurası Venesiya Komissiyasının müvafiq tövsiyələri əsasında təkmilləşdirilsin.

* SMDT 2001-2008-ci illərdə Azərbaycanda fəaliyyət göstərən Seçkilərin Monitorinqi Mərkəzinin varisidir.

Hər iki qurum Azərbaycanda seçkilərin və referendumların monitorinqini aparırdı.