Həkim: Apteklər təcili COVİD-ə zəruri dərman preparatları ilə təmin edilməlidir

Aydın Əliyev: "5-10 faizə qədər buzlu şüşə mənzərəsi olan şəxslər qəti panikaya düşməsinlər"

COVİD-19 virusu son həftələr dünyada, eləcə də Azərbaycanda daha çox yayılıb.

Hətta buna görə bu gün, dekabrın 14-dən ölkə ərazisində sərt karantin rejimi tətbiq edilməyə başlayıb. Ancaq xüsusi icazəsi olan insanlar evdən çıxa bilir. Digərləri isə yalnız ən vacib hallarda SMS icazə vasitəsilə yaşadıqları yeri 3 saatlıq tərk edə bilərlər.

Martdan bəri koronavirusla mübarizə sahəsində çalışan həkim Aydın Əliyev də deyir ki, son dövrlərdə koronavirus infeksiyası həddindən artıq çox yayılıb.

Xəstəxanalarda minlərlə orta ağır və ağır xəstələr var: “Üstəlik, evdə müalicə alan xəstələr dərman tapa bilmir və bu sahə üzrə professional həkim tapmaqda çox çətinlik çəkirlər”.

Həkim deyir ki, apteklər təcili şəkildə zəruri dərman preparatları ilə təmin edilməlidir. Çünki Covid 19-un müalicəsində istifadə edilən əsas dərman preparatları tapılmır və tapılanda da od qiymətinədir: “Hansı şikayətlər, hansı kliniki əlamətlər, hansı laborator və instrumental müayinələrin nəticələrində hansı dəyişiklik olan xəstələr nə etməlidir? Bunlar bütün əhalinin izləyə biləcəyi televiziya vasitəsilə elan edilməlidir. Çünki bu gün insanlar nə edəcəklərini bilmirlər. Təcili yardım çatdırmır, xəstəxanalarda yer yoxdur. Sahə həkimləri çatdırmır və əksəriyyəti bu sahə üzrə bilgisizlikdən çox fərqli reseptlər yazırlar”.

Aydın Əliyevin sözlərinə görə, xəstəliyin əlamətləri müxtəlif insanlarda çox fərqlidir və bu, həm həkimləri, həm də xəstələri çox çaşdırır. Bəzən heç qızdırması olmayan xəstə çox ağırlaşır, bəzən qızdırması olan xəstə yüngül keçirir, bəzən də həm qızdırma, həm də ağırlaşma olur: “Xüsusən yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər-başağrı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahsızlıq, hərarətin yüksəlməsi, ürəkbulanma, qusma və s. oxşar şikayətlər zamanı ilk növbədə Covid 19-dan şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan (boğazdan-əsnəkdən, burundan) yaxma-sıyrıntı-test analizi verməlidir”.

Həkim əlavə edir ki, test analizi mənfi çıxıb, lakin yuxarıdakı saydığımız şikayətlər biruzə verilib artırsa mütləq döş qəfəsi orqanlarının KT müayinəsi edilməlidir. Əgər təqribən 15-20 faizdən çox buzlu şüşə mənzərəsi varsa, dərhal müalicə başlamalıdır: “KT müayinəsində buzlu şüşə mənzərəsi 30 faizdən çoxdursa və xüsusən, yanaşı xəstəliyi olan insan mütləq stasionar müalicə almalıdır. Bu halda təcili yardım və qaynar xəttlərə davamlı zəng edib stasionar müalicə tələb edin. KT müayinəsində 50 faizdən çox buzlu şüşə görüntüsü olan xəstə görmüşəm ki, şikayəti çox cüzidir. Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir”.

Aydın Əliyev yüngül şikayətləri olan, yanaşı xəstəliyi olmayan virusa yoluxmuş insanlardan da danışıb. Deyir ki, xəstəliyin əlamətlərinin təzahüründən 5-12 günlərində KT müayinəsində 5-10 faizə qədər buzlu şüşə mənzərəsi olan şəxslər qəti panikaya düşməsinlər. Qəti surətdə antibiotiklər, deksametazon, damar daxili inyeksiyalar-sistemlər etməsinlər.

Bu yolla öz xəstəliklərini çox ciddi şəkildə ağırlaşdıra bilərlər: “Test analiziniz müsbətdirsə, lakin heç bir şikayət, yanaşı ciddi xəstəlik və KT müayinəsində buzlu şüşə mənzərəsi yoxdursa, heç bir müalicəyə ehtiyac yoxdur. Maska geyinmək (xüsusən KN95 və tibbi-cərrahi maska), 2 metr ara məsafəsi saxlamaq və əlləri 70-95 faizli etil spirti əsaslı məhlullarla dezinfeksiya etmək, toplaşmamaq, yas yerlərinə getməmək, əl ilə görüşməmək, öpüşməmək çox vacibdir. Çünki ən yaxşısı yoluxmamaqdır”.

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb. Virusa yoluxanlardan 4283 nəfər sağalıb.

Dekabrın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 39 nəfər də vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 175874 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 111918 nəfər sağalıb, 1922 nəfər vəfat edib, aktiv xəstə sayı 62034 nəfərdir.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Bu həftə, dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1,6 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.