Hizbullah: Səudiyyə Ərəbistanı Livanda siyasətə nəzarət etməyə çalışır

 Corc Kordahinin informasiya naziri vəzifəsindən istefa verməsindən bir neçə saat sonra Hizbullah baş katibinin müavini Səudiyyə Ərəbistanının Livanda öz siyasətlərini həyata keçirməyə çalışdığı barədə açıqlama verib.

Fələstinin əl-Yevm xəbər agentliyinin məlumatına görə, Hizbullah baş katibinin müavini Səudiyyə Ərəbistanının Livanın siyasi arenasında daha çox təsir göstərməyə çalışdığını bəyan edib. Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim televiziyaya verdiyi müsahibədə deyib: "Səudiyyə Ərəbistanı Livan hökumətinin Fars körfəzi ölkələri ilə əməkdaşlıq mövzusunda açıq mövqe nümayiş etdirməsinə baxmayaraq, ölkə üçün problemlər yaratmağa başlayıb. Səudiyyə Ərəbistanı Livanı müstəqil dövlət kimi görməli, Livana siyasi səhnədə nəzarət etmək istəyindən əl çəkməlidir”.

Ötən gün Livanın informasiya naziri Corc Kordahi ölkəsinin ərəb dövlətləri ilə gərginliyin azaldılması, Livanda həyat və siyasi vəziyyətinin yaxşılaşdırılması baxımından gələcəyinə ümid etdiyini bildirərək, istefa verdiyini rəsmən elan edib. Onun istefası Yəmənin Ənsarullah və Livan siyasi hərəkatları tərəfindən cəsarətli addım kimi qarşılanıb. Bununla belə, əksər livanlı siyasi ekspertlər hesab edirlər ki, Livan hökumətinin Səudiyyə Ərəbistanının istəklərinə qarşı reaksiyası Ər-Riyadın Mikati kabinetinə və Livan siyasi quruluşuna daha çox təzyiq göstərməsinə yol açacaq.