Hindistanın Rusiyadan S-400 raket sistemini aldığı bir vaxt Putin Yeni Dehliyə səfər edir

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi sammit üçün Hindistana səfər edəcək. Bu səfər Moskva Hindistana havadan müdafiə raket sistemlərini çatdırmağa başladığı bir vaxt təsadüf edir ki, bu da ABŞ-ın sanksiyalar tətbiq etməsinə gətirib çıxara bilər.

Hindistanın Rusiya ilə S-400 havadan müdafiə raket sistemlərini almaq üçün 5.4 milyard dollarlıq müqaviləsi Yeni Dehlinin Birləşmiş Ştatlarla daha yaxın stateji əlaqələr qurduğu bir vaxt Moskva ilə tərəfdaşlığını davam etdirməsindəki çətinlikləri vurğulayır.

Vaşinqton Yeni Dehliyə Rusiyadan beş ədəd uzun-mənzilli qurudan-havaya raket sistemini almasının ABŞ-da 2017-ci ildə qəbul edilən qanun layihəsinə zidd olduğu barədə xəbərdarlıq etsə də, Hindistanın cavabı o olub ki, müdafiə sistemlərinin almasının arxasında milli təhlükəsizlik maraqları dayanır.

“Hökumət silahlı qüvvələrini bir sıra təhlükəsizlik problemlərinə qarşı hazır vəziyyətdə saxlamaq üçün təhlükə, əməliyyat və texnologiya aspeklərinə əsaslanaraq suveren qərarlar verir,” Müdafiə naziri Acay Bhatt cümə günü parlamentdə bildirib.

Hindistan Çindən təhlükənin qarşısını almaq üçün S-400 sisteminə ehtiyacı olduğunu bildirib. Hindistanın S-400 sistemlərini hər iki ölkədən qoşunların ötən ildən bəri qarşıdurma yaşadığı mübahisəli Himalay sərhədi boyu yerləşdirəcəyi gözlənilir.

Vaşinqton Amerikanın Rəqiblərinə Qarşı Sanksiya Yolu ilə Mübarizə Aktı altında ötən dekabr ayında Rusiyadan eyni raket sistemini aldığına görə Türkiyəyə sanksiyalar tətbiq edib. Aktın məqsədi ölkələrin Rusiyadan hərbi avadanlıq almaqdan yayındırmaqdır.

Lakin Yeni Dehli prezidentdən istisna alacağına nikbindir, çünki onun Birləşmiş Ştatlarla Hind-Sakit Okean regionunda Çinin iddialarının qarşısını almaq kimi ortaq səylərdə strateji əlaqələri artır.

 

amerikaninsesi