Hindistanda yanğın: 27 ölü, 40 yaralı var

Hindistanın Dehli şəhərində bir binada baş verən yanğında 27 nəfər ölüb, 40 nəfər yaralanıb.
Operativ.tv Cumhuriyyetin NDTV-yə istinadən verdiyi xəbərə görə, şəhərin qərbində, Mundka metrosunun yaxınlığında 4 mərtəbəli binada yanğın baş verib.
Dehli polisi yanğında ən azı 27 nəfərin öldüyünü, 40 nəfərin yaralandığını açıqlayıb.
Polis binanın birinci və ikinci mərtəbələrindən 60-a yaxın insanın xilas edildiyini, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Yanğının böyüklüyünə görə ölənlərin sayının arta biləcəyi bildirilir. Yanğının səbəbi hələlik məlum deyil.
Baş nazir Narendra Modi yanğınla bağlı Twitter hesabından paylaşım edərək, "Dehlidə baş verən faciəvi yanğında həlak olanlara görə son dərəcə üzgünəm. Yaralılara şəfa diləyirəm. Ailələrin kədərini bölüşürəm" deyib.
Modi həyatını itirənlər üçün təxminən 2500 dollar, yaralananlar üçün isə təxminən 650 dollar ödəniləcəyini açıqladı.
Hindistanda yetərli texniki qulluq və yanğınsöndürmə üçün uyğun avadanlıqların olmaması bəzən insanların bu şəkildə ölməsinə səbəb olur.
Yeni Dehlidə 2019-cu ildə bir binada elektrik cərəyanı vurması nəticəsində baş verən yanğında 43 nəfər həlak olub.