Hicablı qız ən məşhur fitnes-bloqerlərdən biridir

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, “TikTok”-da 200 mindən çox izləyicisi olan Əhləm Məhəmməd dünyanın ən məşhur fitnes-bloqerlərindən biridir.

Onu digərlərindən fərqləndirən cəhəti isə müsəlman libasında olması və üzünü niqabla örtməsidir.

Onun sözlərinə görə, məqsədi müsəlmanlar barədə olan yanlış təəssüratları aradan qaldırmaq və cəmiyyətdə müzakirə obyekti olmasına baxmayaraq, dini geyimi seçən müsəlman xanımlara dəstək verməkdir.

Əhləm İordaniyanın paytaxtı Əmman şəhərində anadan olub və uşaqlıqdan fitneslə məşğuldur. 7 yaşında olarkən valideynləri onun taekvondo dərslərinə yazdırıblar. 9 yaşında olarkən isə o, ailəsi ilə birlikdə ABŞ-ın Texas ştatına köçüb və məşqlərini burada da davam etdirib.

Əhləm əvvəllər hicab taxmasa da, yuxarı siniflərdə dini öyrənməyə və dəyərlər barədə yenidən düşünməyə başlayıb.

O, hicab taxmağa başlayıb və idmanı tam şəkildə tərk edib.

“İki il keçdi. Mən öz bədənimdə özümü pis hiss edirdim, daim yorğun idim və nəsə etməyə tənbəllik edirdim. Mən dəyişmək istədim və məşqlərə geri döndüm, lakin Qərbin gözəllik standartlarına uyğun gəlmək üçün yox, yalnız Allahın razılığını qazanmaq üçün”, – deyə Əhləm xatırlayır.

Müsəlman qız ətrafdakı insanların geyiminə görə ona mənfi yanaşdıqlarını anlayırdı və o, KİV-də, mediada idmanla məşğul olan az sayda hicablı xanım görürdü.

Buna görə də Əhləm vəziyyəti dəyişmək qərarına gələrək yenidən məşq etməyə və islami qaydalara riayət edərək dərsləri çəkməyə başladı.

O, müsəlman xanımlarının əzilmədiyini, haqlarının məhdudlaşdırılmadığını, əksinə aktiv həyat tərzi sürərək və hər yeni günün dadını çıxararaq enerji dolu və xoşbəxt olduğunu göstərir.

“Bu məşğuliyyətlər mənə və məni izləyənlərə əminlik hissi verir”, – deyə Əhləm əlavə edib.