Hicablı qadın: "Niyə mən şəkil çəkdirəndə başımı açmalıyam?!" VİDEO

“16 yaşımdan hicabdayam. Məktəbimizdə ilk mən başımı örtmüşəm. Direktor dedi ki, əgər başını açsan, sənə cavablarda kömək edərəm. Dedim, eybi yox, istəmirəm”. Bu hekayə Xalidə Əliyevanın başörtüsünə görə üzləşdiyi ilk ayrı-seçkilik idi. Gənc yaşlarında gördüyü fərqli münasibət sonrakı illərdə özünü qadağalarla əvəz edir. 22 ildir örtünən qadın rəsmi sənədlər üçün çəkilən fotolarda baş örtüsünün açdırılmasına etiraz edir: “Mən əgər gündəlik həyatımda hicablıyamsa, vəsiqədə niyə hicabsız olmalıyam? Əvvəla çox yerdə problem olurdu. Baxırdılar hicabsız şəklimə, oxşatmırdılar. Bundan başqa, vəsiqəni yoxlayan adam əgər kişi xeylağı olurdusa, bu, elə mənim onun yanında başıaçıq dayanmağıma bərabərdir. Asan Xidmətdə növbə götürürəm, ekranda hicabsız şəklim çıxır. Bütün zal məni görür. Ümumiyyətlə, niyə də yox? Niyə mən hicabla şəkil çəkdirə bilməməliyəm?”

Xalidə Əliyeva hər dəfə başını açmaq məcburiyyətində qalanda özünü təhqir olunmuş hiss edir. Bundan təngə gəlir və qanunları vərəqləməyə başlayır. Anlayır ki, qanunda belə bir məcburiyyət yoxdur, onun illərdir hüquqları pozulub. Dövlət qurumlarına şikayət məktubları yazan vətəndaş, axırda sorağı məhkəmədə alır. “Bizə imtina olundu, o əsaslarla da mən məhkəməyə müraciət etdim. 1 ilə yaxındır ki, məhkəmə yolu ilə də mübarizə aparıram. Baxmayaraq ki, qanunda məhkəmənin və hakimin sərbəst olduğu yazılır, amma məhkəmə cavabdehin kim olmasından asılı olaraq qərar çıxardı”.

Daxili İşlər Nazirliyinin Baş Pasport və Qeydiyyat İdarəsinə qarşı iddia qaldıran Xalidə Əliyeva məhkəmədə uduzub. Bakı İnzibati Məhkəməsinin qərarında deyilir ki, ölkə qanunvericiliyinə baş örtüsü ilə fotoşəkilə icazə verilməsi əksini tapmayıb. “Bu qərarın özünü də mübahisələndirmək olar” Vəkil Roman Qaraşov izah edir ki, iddiaçının məhkəmədə beynəlxalq sənədlərə müraciət etmək ixtiyarı var. Azərbaycan qanunvericiliyinə görə rəsmi sənədlər üçün çəkilən fotoşəkillər Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olmalıdır.

“Nə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarında, nə də beynəlxalq sənədlərin heç birində hicabla bağlı qadağa yoxdur. Hicabla foto çəkdirmək qadağan edilsə idi, bu normativ sənədlərdə göstərilərdi. Xeyr, yoxdur. Deməli, qadağan deyilsə, əslində qanunauyğundur. Lakin fotoşəkillərin çəkilməsi ilə bağlı normativ sənəd ondan ibarətdir ki, qeyd olunan standartlara cavab verməlidir”. Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədə görə, fotoşəkildə üz cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən istifadə edilməməlidir. Lakin sənəddə dövlət orqanları tərəfindən müəyyən edilmiş hallar istisna edilir. Burada dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr sadalanır. Daxili İşlər Nazirliyinin sözçüsü fotoşəkillə bağlı qaydaların beynəlxalqa sənədə söykəndiyini deyir. Lakin o, başörtüsü ilə bağlı məsələyə aydınlıq gətirməyib. Xalidə Əliyeva yeniyetməlik çağında olan başörtülü qızının da eyni çətinliklərlə üzləşəcəyindən narahatdır. O, inancı uğrunda mübarizəsini davam etdirəcək.

Meydan TV