Həbsdə olan hüquq müdafiəçisinin səhhəti pisləşib

Həbsdə olan hüquq müdafiəçisi Elçin Məmmədin səhhəti pisləşib.

Bu barədə onun rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Cəmiyyəti məlumat verib.

“Elçin Məmmədin səhhətində problemlər yaranıb, ayaqları şişib, yeriməyə çətinlik çəkir. Bundan başqa, Məmməd hepatit C xəstəsidir. Bir ildir həbsdə saxlanılması onun səhhətinə mənfi təsir göstərib,” bu barədə cəmiyyətin məlumatında deyilir.

Apellyasiya Məhkəməsinin Elçin Məmmədin oğurluq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü təsdiq edən qərarından sonra o, 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

“Məmməd həbsini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir və uydurma cinayət işi üzrə özünü təqsirli bilmir,” cəmiyyətin press-relizində qeyd edilir.

O, həmçinin pozulmuş hüquqlarının bərpası haqqında ərizə ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Penitensiar Xidmətdən Elçin Məmmədin səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb. Bununla yanaşı, Penitensiar Xidmət bir qayda olaraq məhbusların qanunvericiliyin tələblərinə uyğun saxlanıldığını, onlara lazımi tibbi yardım göstərildiyini bildirir.

2020-ci il oktyabrın 17-də Sumqayıt şəhər Məhkəməsi Məmmədi "oğurluqda" və "qanunsuz silah saxlamaqda" təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan şikayət edən hüquqi yardım göstərdiyi qadın olub. Bundan əvvəl elə həmin qadın kriminal.az saytının redaktoru Anar Məmmədovdan şikayət etmişdi.

Beynəlxalq təşkilatlar - Amnesty International, PEN, FİASAT və digərləri Məmmədin həbsini pisləyib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.