Hakim: “İlkin Süleymanov əvvəlki ifadəsini işgəncə altında verdiyini bildirib”

İyunun 16-da Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərminin ölümündə təqsirli bilinən İlkin Süleymanovun işiylə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmənin ilk 10 dəqiqəsində foto və video çəkilişə icazə verilib. Vəkillərin bütün prosesi videoçəkilişə icazə verilməsi haqqında vəsadəti qəbul edilməyib. Bundan başqa, karantin qaydaları - sosial məsafə əsas gətirilərək jurnalistlərin ancaq bir hissəsi zala buraxılıb.

Nərminin atası Şərif Quliyev hadisə baş verən gün qızının hansı paltarda olduğu, hara getdiyi barədə hakimin suallarını cavablandırıb.

İlkin Süleymanov, onun vəkilləri Əlibala Rzayev, Zabil Qəhrəmanov və Murtuzəli Abbasov da hadisəylə bağlı ona suallar ünvanlayıblar.

Ə.Rzayevin "Nərmini əmisigilə göndərəndə saat neçə idi?" sualına görə hakim Dadaş İmanov ona təkrar suala görə xəbərdarlıq edib. Sualı ilk dəfə səsləndirdiyini bildirən vəkil xəbərdarlığa etiraz edib, "Məhkəməyə sədrlik edən şəxs bu məhkəmənin nəticəsində maraqlıdır" deyib.

Bununla bağlı vəsatətə hakim D.İmanov "Hüquqi əsas göstərilmədiyindən vəkillərin etirazına baxılmayıb" deyə cavab verib.

O, hənçinin qeyd edib ki, İlkin Süleymanov cinayətlə heç bir əlaqəsi olmadığını və əvvəlki ifadəsini işgəncə altında verdiyini bildirib.

Növbəti məhkəmə prosesi 30 iyun 15:00-a təyin edilib.