Hacı Ramil Bədəlov: “Zühur, Qədir Xumun davamıdır”

Operativ.tv xəbər verir ki, ilahiyyatçı Hacı Ramil Bədəlov bu həftə cümə söhbətini bütünlükdə qarşıdan gələn “Qədir Xum” bayramına həsr edib. O, İmamət və Vilayət bayramı olan “Qədir Xum” bayramını özündə ehtiva edən Maidə surəsinin 67-ci ayəsinə toxunaraq buyurub: “Ayədə bir neçə məqama diqqət etmək lazımdır. Allah tam aydın olaraq Rəsulallaha (s) təkidlə ona əmr edilən məsələni çatdırmağı istəyir. O, “söyləmək” deyil, israrla “çatdırmağı” tələb edir və ardınca Peyğəmbərə (s) narahat olmamağı, onu kafirlərin şərrindən Özü  qoruyacağını bildirir. Ayədə digər özəllik burada beş yerdə Allahın “MƏN” deməsidir ki, bu da işin nə dərəcədə əhəmiyyətinə diqqət çəkir. Digər məqam isə “bəlliğ” sözünün qeyd olunmasıdır ki, bu da təkrar edərək bütün şübhələri aradan qaldırmaqla çatdırmaq üçün işlədilən ifadədir. Hz Muhəmməd (s) bundan sonra irəlidə gedənləri geri dönməyə, arxada gələnləri onlara çatana qədər gözləməyi istəyir. Şəhərlərə gedən yol ayrıcında olan əraziyə, Qədir Xuma bütün hacılar toplanır. Allah Rəsulu (s) geniş xütbə oxuyaraq insanlarda şübhələrə səbəb olan bütün fikirləri aradan qaldırdıqdan sonra “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır” cümləsini söyləyərək Əlini (ə) İlahi missiyanın davamçısı olaraq insanlara-insanlığa elan edir. Bundan sonra Maidə surəsi 3-cü ayəsi nazil olub dinin kamilləşdiyini, nemətin tamamlandığın bildirir. Bu hadisədən sonra dinin kamilləşməsi bu dinin qiyamətə qədər qorunması üçün imamətin seçilməsi və nemətin tamamlanması isə Əlinin (ə) vilayətinə təsdiqini möhürləyir.”