Göyərçinlərə görə turistlər cərimələnib

Azərbaycanda göyərçinlərə görə xarici turistlər cərimələnib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonun Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb:

“Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.”, məlumatda yazılıb.

Məlumatda turistlərin kimliyi açıqlanmır. Bu açıqlamaya onların özündən münasibət öyrənmək mümkün olmayıb.

Bir gün əvvəl facebookda İsmayıllı rayonunda əcnəbi turistlərin düşərgə salıb ov quşlarına təlim keçirdikləri barədə video yayılıb.

Görüntüləri paylaşan şəxs video çəkiliş apara-apara bildirir turistlər göyərçinləri dronlara bağlayıb havaya qaldırır və daha sonra göyərçinləri tutmaq üçün onların arxasınca ov quşları buraxılırlar.