Gömrükdə xəta: Konstitusiya Məhkəməsi yeni qərar çıxardı

Konstitusiya Məhkəməsinin Plenumu Səbail Rayon Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsini şərh edib.

Həmin maddəyə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır, ancaq barəsində icraat aparılan şəxsin vəsatəti ilə işə onun yaşadığı yer üzrə baxılması mümkündür.

Səbail Rayon Məhkəməsinin müraciətini araşdıran Konstitusiya Məhkəməsinin qərarına görə, hüquqi şəxsin gömrük qaydaları əleyhinə hərəkətlə törətdiyi inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer sayılır, gömrük qaydaları əleyhinə inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda isə işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılır.

Qərarda həmçinin qeyd olunur ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır.