Gömrük Komitəsinin ləğvi və Səfər Mehdiyevin həbsi gözlənilir - Komitə sədrini susduran səbəb

“Mən tam məsuliyyətimlə bəyan edirəm ki, əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq”. 

 

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ötən ilin mayında KİV rəhbərləri ilə görüşündə deyib. DGK sədri bununla gömrükdə rüşvət və korrupsiyanın tüğyan etdiyi barədə iddiaları təkzib etməyə çalışıb. 

 

Səfər Mehdiyev hələ bu fikirləri səsləndirəndə ictimai qınaqla üzləşib. Eyni zamanda, sosial şəbəkələrdə, mediada gömrükdə rüşvət və korrupsiyaya dair çoxsaylı faktlar tirajlanıb. Lakin DGK rəhbərliyi mövqeyindən geri çəkilməyib, bu sahədə rüşvət və korrupsiyanın olmadığı barədə iddalarını təkrar səsləndirib.

 

Bir neçə gün əvvəl isə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdraəsində anti-korrupsiya əməliyyatı keçirib. Nəticədə qurumun 5 əməkdaşı həbs edilib.

Bu, Səfər Mehdiyevin “1 manat rüşvət” söhbətinə tutarlı cavab hesab edilə bilər. 

 

Yeri gəlmişkən, “həbsxanada oturmağa hazırıq” deyən Səfər Mehdiyev hələ ki, həbslərlə bağlı mövqeyini açıqlamayıb. Baxmayaraq ki, həbslərdən sonra ona yönəlik ittihamların sayı artıb. Hətta Səfər Mehdiyevin özünün də həbsini təklif edənlər var. Buna rəğmən, DGK sədri israrla susur. Görünür, o, danışacağı təqdirdə ötən il səsləndirdiyi fikirlərin yenidən qabardılacağını və ona qarşı istifadə ediləcəyini düşünərək susmağa üstünlük verir. 

Onu da qeyd edək ki, Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat DGK-nın ləğvi məsələsini yenidən aktuallaşdırıb. Bu məsələ hələ bir neçə il əvvəl gündəmə gəlmişdi. O zaman DGK-nın Vergilər Nazirliyinə birləşdiriləcəyi gözlənilirdi. Lakin gözləntilər özünü doğrultmadı. DGK deyil, Vergilər Nazirliyi ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşidirlirdi. Ekspertlər hesab edir ki, Bakı Baş Gömrük İdarəsindəkı həbslər bu təklifin reallaşmasına səbəb ola bilər.

“Gözləmək olar ki, Gömrük Komitəsi də İqtisadiyyat Nazirliyinə biləşdiriləcək. Hakimiyyət daxilində də bu mövqedə olanlar kifayət qədərdir. Əgər artıq gömrük sahəsində korrupsiayaya qarşı müabrizəyə start verilibsə və qurumun vəzifəli şəxsləri həbs olunursa, deməli, gömnrüklə də bağlı hansısa planlar var. İlk ağla gələn isə qurumun ləğv edilməsidir. Səfər Mehdiyevə gəlincə, onun həbsi ediləcəyi inandırıcı olmasa da, istisna da deyil”, - deyə ekspertlər bildirir.