Fransa millisi Millətlər Liqasının qalibi olub

Fransanın futbol üzrə milli komandası Millətlər Liqasının final matçında İspaniya yığmasını 2:1 hesabı ilə məğlub edib.

APA xəbər verir ki, görüş Milanda baş tutub.

Qolları Kərim Benzema (66-cı dəqiqə) və Kilian Mbappe (80-ci dəqiqə) vurub. İspanlarda isə Mikel Oyarsabal (64-cü dəqiqə) fərqlənib. Hücumçu Antuan Qrizmann Fransa millisində 100-cü oyununa çıxıb.

İspaniyalı yarımmüdafiəçi Serxio Buskets turnirin final hissəsinin ən yaxşı oyunçusu seçilib.

Millətlər Liqasının gedişində Fransa millisi heç bir oyunda məğlubiyyətlə üzləşməyib. Qrup mərhələsində Didye Deşamın komandası 5 qələbə və 1 heç-heçəlik nəticə qazanıb. Fransızlar Portuqaliya, Xorvatiya və İsveç komandaları ilə bir qrupda çıxış edib. Yarımfinalda Fransa komandası belçikalıları 3:2 hesabı ilə məğlub edib.

İspaniya millisi isə Almaniya, İsveçrə və Ukrayna komandaları ilə eyni qrupda birinci yeri tutub. İspanlar üç qələbə, iki heç-heçə və bir məğlubiyyətlə (Ukrayna komandasına 0:1 hesabı ilə) üzləşiblər. Yarımfinalda ispanlar italyanları 2:1 hesabı ilə məğlub edib.