Əfqanıstanda polis idarəsinin yaxınlığında partlayış olub, 4 nəfər ölüb

Əfqanıstanın şimalındakı Bəlx əyalətinin Dövlətabad rayonunda bomba yüklənmiş maşınla edilən hücum nəticəsində 4 nəfər ölüb.

Bu barədə Dövlətabadın icra başçısı Cəlaləddin Karızadə bildirib.

Onun sözlərinə görə, hücum polis idarəsi binasının yaxınlığında baş verib. Hadisə nəticəsində 3 mülki şəxs, 1 polis əməkdaşı ölüb, 1 nəfər yaralanıb. Karızadə partlayış nəticəsində ərazidəki binalara və yaşayış evlərinə ziyan dəydiyini də deyib.

Hücumun məsuliyyətini heç kim üzərinə götürməsə də, rayon başçısı hadisəyə görə “Taliban”ı ittiham edib.

Məlumata görə, son iki ayda “Taliban” 15 rayonda nəzarəti ələ keçirib.