Fəallar beynəlxalq ictimaiyyəti Saleh Rüstəmovu azad etməyə çağırırlar

Turan: Ölkənin vətəndaş cəmiyyəti fəallarından ibarət böyük bir qrup beynəlxalq təşkilatlara müraciət edərək, uzun müddətdir aclıq edən siyasi məhbus Saleh Rüstəmovu dəstəkləməyə çağırıblar.

"Biz, vətəndaş cəmiyyəti nümayəndələri, aclıq edən bir siyasi məhbusun həyatının təhlükədə olmasından, bu pis örnəyin işığında "siyasi məhbus" probleminin illərdir həll edilməməsindən, təməl hüquq və azadlıqların sistemli hala çevrilən pozuntularından ciddi narahatıq. Sizə müraciətimizin məqsədi Azərbaycan cəmiyyətinin üzləşdiyi ağır siyasi-hüquqi problemlər barədə bilgiləndirmək, böhranlı durumdan çıxmaqda mümkün yardımlarınızı əsirgəməmənizi rica etməkdir.

Təəssüflər olsun ki, səylərimizə baxmayaraq, Azərbaycanda "siyasi məhbus" probleminin qurbanı olan 100-dən artıq insan həbsxanalarda qurama ittihamlarla cəza çəkirlər. Onlardan biri olan Xalq Cəbhəsi Partiyasının (AXCP) təəssübkeşi Saleh Rüstəmovun həbsi, mühakimə olunması, azadlıqdan məhrum edilməsi böyük bir qanunsuzluq silsiləsi idi. Azərbaycan vətəndaşlığını saxlamaqla, həm də Rusiya vətəndaşı olan S.Rüstəmov 1998-ci ildən Rusiyada kiçik sahibkarlıqla məşğul olub. Siyasi motivlərlə həbs edilən AXCP üzvlərinin ailələrinə, digər siyasi məhbus yaxınlarına yardımlar edən, Rusiyadakı digər azərbaycanlıların yardımlarının da çatdırılmasına köməklik göstərən S.Rüstəmov 2018-ci ildə yaxınlarına baş çəkmək üçün Azərbaycana gəldiyində, Daxili İşlər Nazirliyinin (DİN) ən vahiməli reputasiyaya malik bir orqanı - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. S.Rüstəmli uzun müddət qapalı saxlanılıb, durumu haqda yaxınlarına bilgi verilməyib, vəkilə çatımı əngəllənib, müxalifətçilərə qarşı etirafedici ifadələr verməsi üçün dəhşətli işgəncələrə məruz qalıb.

S.Rüstəmov əvvəlcə Azərbaycan hökumətinin rəqiblərini susdurmaq, cəzalandırmaq üçün sıx istifadə etdiyi narkotik cinayətlərində ittiham olunub. İstintaq zamanı daha bir qurama cinayətdə - cinayətkar birlik təşkil edib, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda günahlandırılıb. Qanunsuzluqlarla müşayət olunan istintaqın gəldiyi nəticələri, məhkəmələr olduğu kimi təsdiqləyiblər. S.Rüstəmov qanunsuz və əsassız hökmlə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, onun bütün ailə üzvlərinin qanuni əmlakları, doğulub böyüdüyü ata mülkü də müsadirə olunub. Qanunsuzluq, siyasi məzmunlu yanaşma yuxarı məhkəmələrdə də davam edib, hökm ləğv olunmayıb, yalnız Ali Məhkəmə onun cəzasını 2 ay azaldıb.   

Üzləşdiyi qanunsuzluqlara etiraz olaraq, 31 gün əvvəl aclığa başlayan, həmin vaxt həkim nəzarətinə verilməsi gözlənilsə də, 4 günlüyə cərimə təcridxanasına salınan S.Rüstəmov hazırda aclığı davam etdirir. Aclıq aksiyası, hər hansı cinayət əməlinə yol verməsi sübut olunmayan, məhz siyasi sifariş nəticəsində həbxanaya atılan bir vətəndaşı, hər gün ölümə daha da yaxınlaşdırır. S.Rüstəmov 15 kq arıqlayıb, halsızlışıb, yeriməkdə, ayaq üstə durmaqda, danışmaqda çətinlik çəkir. O, keyifyyətli həkim müayinəsiylə təmin edilməyib, formal xarakterli müayinələr isə effektli deyil. 

Azərbaycan hökumətinin öz rəqiblərini sıradan çıxarmaq, ram etmək siyasətinin ən pis örnəklərindən olan S.Rüstəmov olayı, ölkənin demokratikləşməsini, firavan gələcəyini arzulayan bütün ictimaiyyətdə ciddi narahatıqla qarşılanır. Bu narahatlıq özünü dekbarın 1-də Bakıda S.Rüstəmova qarşı qanunsuzluqlara etiraz etmək məqsədilə keçirilən dinc aksiya zamanı göstərdi. Təəssüflər olsun ki, polislər, hökuməti qanunsuzluqlardan, yanlış addımlardan çəkinməyə çağırış məzmunlu bu aksiyaya amansız müdaxilə etdilər – milli qanunlarda, Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunan haqlarından dinc yararlanan 40-dan çox vətəndaş saxlanıldı, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qaldı, 5 nəfər inzibati pozuntu əsası ilə həbs edildilər. Saxlanılanlardan bir neçəsi qanuni bəraəti olmayan fiziki işgəncələrə məruz qaldırlar. Əvvəllər tənqidi mövqeyinə görə dəfələrlə cəzalandırlmış müxalif partiya liderlərindən Tofiq Yaqublu polis bölməsində, ardınca, polis avtomobilində amansız işgəncələrə məruz qaldı. Bakı şəhərinin ucqarlarına aparılan siyasətçi, ondan siyasi fəaliyyətini dayandırmasını tələb edən kimliyi hələ də bəlli olmayan rəsmi şəxslərin vahiməli işgəncələrinə məruz qaldı, gecə vaxtı ağır durumda olsa da şəhər kənarında köməksizcəsinə tərk edildi. Başqa bir müxalifətçi, AXCP üzvü Paşa Dadaşzadə də polisin amansız fiziki rəftarına məruz qaldı, qolu bir neçə yerdən sındırıldı.

S.Rüstəmovun uzləşdiyi qanunsuzluq silsiləsi, bu qanunsuzluğun aradan qaldırılmasını arzulayan, bunu öz qanuni haqlarından yararlanmaqla ifadə edən insanlarla amansız rəftar, bu məktuba imza atan vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca narahatlıq mənbəyidir. İllərdir ki, siyasi düşüncə, baxışları ucbatından qurama ittihamlarla həbsxanada cəza çəkən bir insanın həyatını itirməsi, təkcə Azərbaycan toplumunun tərəqqisinə, Avropa ailəsinin örnək üzvlərindən birinə çevrilmək arzularına deyil, ümumilikdə, ümumbəşəri dəyərlərin pöhrələməsinə, oturuşmasına vurulan ən ağır yaralardan olardı. Təəssüflər olsun ki, illərdir, hökumətin qanunsuz, ədalətsiz basqılarına, hücumlarına məruz qalan Azərbaycan vətəndaş cəmiyyətinin səyləri, belə yaraları önləməyə kifayət etmir. Biz, ümumbəşəri dəyərlərin ağır yaralar almaması naminə, bütün tərəqqipərvər qurumalardan, ölkələrdən, fərdlərdən, o cümlədən də, Sizdən öz mümkün səylərinizi bizdən əsirgəməmənizi, təməl insan haqlarının təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri Azərbaycan hökumətinə xatırlatmanızı, S.Rüstəmovun məruz qaldığı qanunsuzluqların nəticələrini aradan qaldırmaqda faydalı ola biləcək bütün mümkün addımları atmanızı rica edirik", deyə müraciətdə qeyd edilir.

Müraciəti 100-ə yaxın fəal, jurnalist, hüquq müdafiəçisi, vəkil, ekspert və digər şəxslər imzalayıb.