“Facebook” ən böyük gücünü itirdi – “Vaşinqton Post”

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Facebook” ən böyük gücünü itirdi” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Molli Robertsdir. Onun “Vaşinqton Post”dakı vəzifəsi redaksiya heyətinin texnologiyalar və cəmiyyət məsələləri ilə bağlı mövqeyini ifadə etməkdir. Yəni Molli Robertsin məqalələri “Vaşinqton Post”un redaksiya heyətinin mövqeyini əks etdirir. Novator.az saytı “Facebook” ən böyük gücünü itirdi” məqaləsini ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.

“Facebook” bəyan edir ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın bu şəbəkədəki hesabının dondurulması barədə qərarı əslində “Facebook”un özü yox, onun Nəzarət Şurası çıxarıb. “Facebook”un Nəzarət Şurası isə deyir ki, bu qərar elə “Facebook”un öz qərarıdır.

Nəsə başa düşə bildiniz?

Heç nə başa düşmədinizsə, bu normaldır.

Əvvəla belə bir sual yaranır: Nəzarət Şurası nədir? Şura “Facebook”un adından fəaliyyət göstərən, ona məxsus bir komissiyadır. Bu komissiya söz azadlığına malik kənar ekspertlərdən ibarətdir. Şuranı “Facebook”un yaratdığı 130 milyon dollarlıq trest maliyyələşdirir. Şəbəkə istifadəçilərinin şuraya müraciət edib kontentin modifikasiyasını tələb etmək hüququ var.

Bu həftə Nəzarət Şurası Donald Trampın sosial şəbəkə hesabının bərpasının lazım olub-olmadığı barədə “Facebook”un ünvanladığı sorğunu cavablandırıb. Daha doğrusu, şura öz mövqeyini sorğuya cavab verməkdən boyun qaçırmaqla ifadə edib.

“Facebook” şirkəti komissiya üzvlərinin bu ilin yanvarında ABŞ Konqresinin binasındakı iğtişaşlardan sonra prezident Donald Trampın hesabını dondurmaq barədə qərar çıxarmasını düzgün addım sayıb. Ancaq indi hesabın bərpa olunub-olunmamasına qərar vermək məsuliyyəti birbaşa “Facebook”un üzərinə düşür.

Nəzarət Şurasının məqsədi həmişə “Facebook”un səlahiyyətlərini azaltmaq olub. Lakin skeptiklər daima bunun “Facebook”un məsuliyyətini azaltdığını da iddia edirlər. Bu həftə Nəzarət Şurası həm səlahiyyətdən, həm də məsuliyyətdən boyun qaçırıb.

“Facebook”un baş icraçı direktoru Mark Zukerberq bir neçə il əvvəl özəl şirkət olan “Facebook”un sosial ünsiyyət üzərində geniş nəzarətə malik olması barədə narahatlıqları aradan qaldırmaq üçün bir vasitə kimi “Nəzarət Şurası konsepsiyası”nın əhəmiyyətini vurğulamışdı. Lakin həmin vaxt Zukerberq bu orqanı “Ali Məhkəmə” adlandırmışdı. Niyə də olmasın?

İnternet hüququ üzrə mütəxəssis, professor Keyt Klonik Harvard Universitetinin hüquq jurnalında sosial şəbəkələri yeni idarəçilər kimi xarakterizə edir. Sosial şəbəkələri öz hüquq və icra mexanizmləri olan mikro-ölkələr və meta-ölkələr də adlandırmaq olar. Onlar öz hüquq və icra mexanizmləri vasitəsilə sanki yeni bir həyat tərzi diktə edir və hər yerdə insanları bu həyat tərzinə uyğunlaşmağa vadar edirlər.

Onların bircə məhkəmələri çatışmırdı. Lakin “Facebook” bunu da etdi. O, bu dəfə şərti bəyanatlar və istifadəçi şəbəkələri yerinə konstitusional nəzəriyyəyə əsaslanan qurum yaratdı.

Gəlin konstitusiya nəzəriyyəçisinə belə bir sual verək: məhkəmə orqanından nə gözlənir? Bu xüsusi orqan “Facebook”un qaydalarının düzgün tətbiq olunub-olunmadığına dair qərar verə bilər. O, repressiv rejimi tənqid etdiyinə görə cəzalandırılan müxalifət qrupu barədə, yaxud ağır irqçi təhqirlərinə baxmayaraq cəzasız buraxılan ağdərili radikal haqqında, yaxud silahlı üsyana təşviq etdiyinə görə şəbəkədəki hesabı qeyri-müəyyən müddətə dondurulan prezidentlə bağlı rəy verə bilər. Buna baxmayaraq Nəzarət Şurası qanunların və ya bütün oyunun əsasını təşkil edən sirli alqoritmlərin şəffaflığı barədə heç bir qərar çıxara bilməz; onun vəzifəsi yalnız məsləhət verməkdir.

Merberinin Medisona qarşı məhkəmə işi açdığı vaxtdan bəri bu ölkə (ABŞ) qanunları qüvvədən salmaq hüququ olmayan Ali Məhkəmə ətrafında çox da baş sındırmayıb. Beləliklə, hamı Nəzarət Şurasının qaydaların tətbiqi ilə bağlı məsələni həll etməkdən boyun qaçırmasının tənqid atəşinə tutulacağını gözləyirdi. Ən azından Donald Trampın sosial şəbəkə hesabının taleyi həll olunana qədər bu cür tənqidlərin davam edəcəyi gözlənirdi.

Şura üzvləri ilkin qərar nəticəsində şərhi mümkün olmayan və heç bir çərçivəyə sığmayan cəzanın tətbiq olunduğunu əsas gətirərək, sualı cavablandırılması üçün yenidən “Facebook”a yönləndirdilər. Hüquqşünas alimlər bunu işin təkrar araşdırılması adlandıra bilərlər. Adi insanlar üçün isə bu, sağı göstərib solu vurmaqdır.

Nəzarət Şurası bu hərəkətini onunla əsaslandırır ki, elə “Facebook”un özü də onlara sağı göstərib solu vurub. Komissiya mahiyyətcə ən qatı skeptiklərin ən sevimli arqumentini qəbul etdi: bugünkü blokbaster hadisəsinin nəticəsi “Facebook” üçün tamamilə eynidir. Çünki istənilən halda həm qazanılacaq, həm də itiriləcək pullar, eləcə də düşmənlər var. Belə vəziyyətdə günahı başqasının boynuna atmaq ən asan çıxış yoludur.

Deyək ki, Nəzarət Şurası “Facebook”un qərarını tam təsdiqlədi. Bu zaman şirkət Zukerberqi ittiham edən mühafizəkarların hücumlarını dəf etmək üçün Direktorlar Şurasından bir sipər kimi yararlana biləcək. Yox, əgər Nəzarət Şurası “Facebook”a qərarın tamamilə yanlış olduğunu söyləsə, yenə heç nə dəyişməyəcək. Bu zaman “Facebook” demokratiyanı məhv edən fırıldaqçını axıracan cəzalandırmadığına görə onu ittiham edən liberalların qəzəbindən qurtulmuş olacaq. Çünki “Facebook” deyəcək: “Biz düzgün olanı etmişdik, amma Nəzarət Şurası axırda icazə vermədi”.

Nəzarət Şurası bu vəziyyətdə şirkətin axtardığını iddia etdiyi həmin mürəkkəb “məsuliyyəti” artırmaq işinə girişərmi? Çətin. Şura qərara gəldi ki, “Facebook”a ondan ayıb örtən əncir yarpağı kimi istifadə etməyə imkan verməsin. Amma əvəzində şura “Facebook”a çul oldu.

Yaxşı, bunu anladıq. Bəs belə bir vəziyyətdə bizə qalan nə oldu? Sevindirici haldır ki, Nəzarət Şurası “Facebook”dan daha konkret standartlar hazırlamağı və onları daha aydın şəkildə həyata keçirməyi tələb etdi. Buna baxmayaraq hələ də Trampın sosial şəbəkə hesabının taleyi həmişəki kimi yalnız Zukerberqdən asılıdır. Əgər Nəzarət Şurası bütün məsuliyyəti yenidən “Facebook”a həvalə edibsə, deməli, dünyanın hər yerində tənqidçiləri qıcıqlandıran gücü də “Facebook”a qaytarıb.

Ya da biz bu məsələyə başqa prizmadan yanaşmalıyıq. Nəzarət Şurası “Facebook”u ən böyük gücündən məhrum edibsə, deməli, artıq “Facebook” öz mövqeyini bildirmək iqtidarında deyil.

Molli Roberts