Ermənistan, Tacikistan və Qırğızıstanın sülhməramlı kontingenti Almatını tərk edib

Ermənistan, Tacikistan və Qırğızıstandan olan KTMT sülhməramlılarının bölmələri Almatını tərk edərək daimi dislokasiya yerlərinə yola düşüb.

SalamNews bu barədə TASS-a istinadən xəbər verir.

Ermənistandan olan bölmələr nəqliyyat vasitələrini və şəxsi heyəti Rusiya Aerokosmik Qüvvələrinin  İl-76 hərbi-nəqliyyat təyyarəsinə yükləyib və Alma-Ata aerodromundan havaya qalxıb.

Öz növbəsində tacik hərbçiləri bayram günlərində Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da götürərək Rusiyaya məxsus bir İl-76 təyyarəsinə minib.

Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi. Rus bölmələrinin əsas vəzifəsi Alma-Ata bölgəsindəki əsas strateji obyektləri mühafizə altına almaq olub.