Dəstəkləyir, amma nəzarət edə bilmir – “Liberation”

Fransanın “Liberation” qəzetində “Rusiya Belarusu dəstəkləməyə məcbur olsa da, ona nəzarət edə bilmir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin Moskva börosunun müxbiri Leo Vidal-Jirodur.

Novator.az saytının məlumatına görə, müəllif yazır ki, Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında münasibətlər gərgin olsa da, Moskva Minski dəstəkləməyə davam edir: “Səbəb Belarusun Qərb düşərgəsinə düşə biləcəyi qorxusudur”.

Məqalədə xatırladılır ki, mayın 23-də Afina-Vilnüs reysi ilə uçan sərnişin təyyarəsi Minskdə yerə endirilib, Aleksandr Lukaşenkoya müxalif mövqeyi ilə tanınan NEXTA teleqram kanalının qurucusu Roman Protaseviç və onunla vətəndaş nikahında yaşayan Sofya Sapeqa həbs olunub, Roman Protaseviçə ağır cinayət ittihamları irəli sürülüb. Bu hadisə beynəlxalq aləmdə böyük etirazlar doğursa da, Moskvanın Lukaşenkoya qeyd-şərtsiz dəstək nümayiş etdirdiyi bildirilir: “Ancaq o biri yandan da Vladimir Putinlə ABŞ prezidenti Cozef Baydenin Cenevrədə iyunun 16-na planlaşdırılan görüşünə bir neçə həftə qalmış yaşanan bu qalmaqal Rusiyaya sərf etmir. Rusiyalı siyasətçi Andrey Sinitsın hesab edir ki, Baydenlə görüşü təşkil etmək çox çətin proses olub və Kremlin bu görüşdən xeyli gözləntisi var. Ona görə, Sinitsının fikrincə, Lukaşenkonun son hərəkəti Putin üçün heç də xoş deyil.

Amma bu halda ortaya sual çıxır: Rusiyaya birbaşa aidiyyəti olmayan bir məsələyə görə Vaşinqtonla onsuz da kövrək olan münasibətləri daha da gərginləşdirmək nəyə gərəkdir?”

Məqalədə Moskvadakı Karneqi Mərkəzinin analitiki Artyom Şraybmanın fikirlərinə də yer ayrılıb. Şraybman deyib: “Minsk Qərb əleyhinə addımlar atmaqdan çəkinmir. Çünki həmişə Moskvanın dəstəyini hiss edir. Üstəlik, bu cür təxribat xarakterli hərəkətlər Lukaşenkonun Rusiya ilə danışıqlarında onun fəallığını göstərir. Bu həm də Putinə ünvanlanmış bir mesajdır. Yəni Putin nəzərə almalıdır ki, Belarusda Qərb əleyhinə bu qədər çıxan başqa bir lider olmayacaq və bu üzdən Lukaşenkonun arxasında durmalıdır. Putin isə anlayır ki, Minskdə baş verə biləcək hər hansı hakimiyyət dəyişikliyi Belarusun Avropa ilə yaxınlaşmasına gətirə bilər”.

Moskvadakı “Observo” Fransa-Rusiya Mərkəzinin direktoru Arno Dyüben də “Liberation”a bildirib ki, ruslar Belarusu itirməkdən, onun Qərb düşərgəsinə düşməsindən çox qorxurlar: “Çünki 2014-cü ildə Ukrayna belə bir addım atdı. Bu baxımdan Lukaşenka yaxşı bilir ki, istədiyi hərəkəti edə bilər, Rusiyanın onu dəstəkləməkdən savayı çıxış yolu yoxdur. Əslinə qalsa, Rusiya Lukaşenkoya nəzarət edə bilmir. Bununla belə Moskva bu kiçik qonşusuna əlavə imkanlar yaratmaq, onunla daha yaxın inteqrasiyaya nail olmaq, Belarusda böyük sənaye müəssisələri qurmaq və bir sıra başqa iri planları həyata keçirmək niyyətindədir.

Moskva həm də mandatı bitdikdən sonra Lukaşenkonun öz yerini Rusiyaya daha az problem yaradacaq namizədə – Viktor Babarikoya verməsini istəyir. Ancaq bu məsələ bir qədər qəlizdir. Çünki Moskvaya “uyğun gələn” Viktor Babariko diktator Lukaşenkonun düşmənidir və Minsk həbsxanasında cəza çəkir. İndiyədək bu məsələ ilə bağlı Lukaşenkodan güzəşt əldə etmək mümkün olmayıb.

Ümumiyyətlə Putinlə Lukaşenko arasında qıcıqlandırıcı, gərgin məqam çoxdur. Onların münasibətləri heç də yaxşı deyil və bu, hamıya məlumdur. Ancaq hər ikisi bir-birinə münasibətdə müəyyən dərəcədə küncə sıxılmış vəziyyətdədir. Lukaşenko Putinsiz məhv olar. Putin isə hazırkı şəraitdə Lukaşenkodan başqa həmsöhbətinin olmadığını bilir”.

Məqalənin sonunda deyilir: “Bu baxımdan Rusiya və Belarus prezidentləri arasında Soçidə keçirilməsi planlaşdırılan görüşün dərin geosiyasi nəticələrə gətirib çıxaracağını gözləmək olmaz. Moskva mayın 23-də Minskdə Roman Protaseviçlə birgə tutulmuş Rusiya vətəndaşı Sofya Sapeqanın sərbəst buraxılması məsələsində ləng tərpənsə də, Soçi görüşündə onun taleyi ilə bağlı müzakirələrin aparılacağı şübhəsizdir. Rusiya vətəndaşının Belarusda həbsdə qalması və mühakimə edilməsi Lukşenko üçün simvolik bir güzəşt olacaq. Belarus prezidenti əmindir ki, nə qədər həddini aşsa da, Rusiyanı özü ilə bərabər eyni qayığa sürükləməyi bacarıb”.