Dini etiqad haqqında qanunda düzəlişlər dəyişdirilə bilərmi? - Müsahibə

“Maarifçiliyə Dəvət” ictimai birliyinin sədri ilahiyyatçı Hacı Elçin Manafovdur Rakurs.tv-yə müsahibə verib.

 

Müsahibəni təqdim edirik:

-Dini etiqad azadlığı haqqında qanuna edilən düzəlişlər cəmiyyətdə kəskin narahatlıq doğurdu. Belə bir düzəlişi necə qiymətləndirirsiz?

-Təbii olaraq hər bir ölkədə qanunverici orqan, bu ölkənin mütləq inkişafı və eyni halda bu inkişafa əngəl olan maneələri aradan qaldırmaq üçün qanunlar qəbul edir. Bizim ölkəmizə gəlincə Azərbaycanda da Milli Məclis dövlətimizin inkişafına təkan verəcək qanunlar qəbul etməlidir. Unutmayaq, Azərbaycan xalqının böyük əksəriyyəti Allaha etiqadlı və İslam dininə inanclıdır. Təsadüfi deyildir ki, ölkəmizdə qeyd olunan xüsusi bayramlar sırasında Ramazan bayramı da bu qəbildən əhəmiyyətli yerə malikdir. Belə olan halda, şübhəsiz Milli Məclis qanun qəbulunda xalqın istək və arzuları, milli-mənəvi dəyərlərini qanun qəbulunda mütləq nəzərə almalıdır.

Qəbul olunan düzəlişə gəlincə onun zahirinin narahatlıq doğurmayacağını düşünmək olar. Hətta Quranda da təsbit olunan “dində məcburiyyət yoxdur” fikiri tam İslam məntiqi ilə burada öz əksini tapıb. Lakin qanuna diqqət edəndə açıq qalmış müddəalardan birmənalı deyə bilərik ki, qəbul olunan düzəlişlər ondan sui-istifadə etmək istəyən, şəxsi ambisiyası, maraqlarına uyğun olaraq istənilən şəxs tərəfindən mənası çox asanlıqla dəyişdirilə bilər. Belə olan halda bundan əziyyət çəkən yenə də inanclı insanlar, Azərbaycan vətəndaşları olacaq.

-Düzəlişdə qıcıq yaradan boşluğun dəyişdirilmə ehtimalı varmı?

-Hələlik bu qanuna düzəliş Milli Məclisdə müzakirə vəziyyətindədir. Son qərarı ölkə başçısı, Prezident verəcək. Ümid edirik ki, bu müzakirədə qeyd olunan boşluqlar ölkə başçısının diqqətdən yayınmayacaq.

-Təbii ki, qanun qüvvəyə minəcəyi halda buna etiraz labüdləşəcək. Xalqın bu qanunun qəbuluna etirazı hansı formada təzahür etməlidir?

-Etiraz deyəndə ilk olaraq beyinlərdə, mitinq, piket canlanır. Mitinq, piketlərə o zaman ehtiyac duyulur ki, bütün hüquq, qanun səviyyəsində addımlara məhəl qoyulmur. Mənim subyektiv fikrim problemlərin həlli üçün danışıqlar məqbul və mümkün variantdır. Aksiyalar indiki şəraitdə yalnız düşmənlərimizi sevindirə bilər. Bizim dostlarımız olduğu kimi düşmənlərimiz də az deyil. Ona görə də biz düşməni deyil, dostu sevindirəcək addımlar atmalıyıq. Əlbəttə, bu sözüm təkcə xalqa deyil, eyni halda hakimiyyətə də aiddir. 44 günlük müharibədə qalib olan xalq və dövlət birliyi bu məsələdə də öz mövqeyini nümayiş etdirəcək.

-Qanunun qəbulunda xarici faktor ehtimalı ola bilərmi?

-Qeyd etdiyimiz kimi ölkəmizin dostları olduğu kimi düşmənləri də var və bu düşmənlər bacardığı qədər ölkədə sabitliyi pozmağa çalışırlar. Bunun üçün onlar daxilimizdə satılmış güclərin varlığından istifadə etməkdədirlər. Bu şəxslər bəzən əvvəldən xüsusi orqanlara planlı yeridilən, bəzən isə sonradan qarşılıq müqabilində satılanlardır. Heç şübhəsiz belə faktorların da Milli Məclisə nüfuz etməsi qeyri məqbul sayılmamalıdır.