Deputat: Rusiyadan Qarabağda yaşayan ermənilər üçün vaksin göndərilib

"Bu, Qarabağ sakinləri üçün nəzərdə tutulan ilk vaksin partiyasıdır"

Aprelin 26-da Moskvadan Yerevana sülhməramlıların nəzarətində olan Qarabağ sakinləri üçün 7500 ikili doza Rusiya vaksini göndərilib.

Bu xəbəri “Sputnik-Armenia” yayıb.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib ki, bu, Qarabağ sakinləri üçün nəzərdə tutulan ilk vaksin partiyasıdır.

O deyib ki, vaksin sülhməramlıları peyvənd edən Rusiya həkimlərinə təqdim ediləcək.

Rusiya hökuməti bu aksiyanı Rusiya-Ermənistan “Lazerevski Klubu”nun təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirdiyini açıqlayıb.

Aksiyanı Robert Koçaryan və Arkadi Qukasyanın maliyyələşdirdiyi bildirilir.