Daha bir siyasi mühacir həbs olunub

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Almaniyadan gələn daha bir siyasi mühacir - Anar Əliyev Azərbaycanda külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. Bu barədə onun həyat yoldaşı Anarə Əliyeva bildirib. Onun sözlərinə görə, Anar iyulun 25-də Bakıda saxlanılıb.

"Biz ailəlikcə - həyat yoldaşım və iki övladımla Anarın xəstə atasını ziyarət etmək üçün iyulun 8-də Azərbaycana gəldik. Avqustun 4-də oturum icazəmiz olan Almaniyaya qayıtmalı idik", deyə o bildirib.

Onun sözlərinə görə, iyulun 25-də səhər həyat yoldaşını evdən guya pasportunun saxtalaşdırılması haqqında məlumatı yoxlamaq üçün aparıblar. Ailəyə onun tez qayıdacağını bildiriblər. Sonradan deyiblər ki, Anarı facebook-dakı postlarına görə aparıblar, sonra isə cibində narkotik tapıldığını bildiriblər.

"Həyat yoldaşım heç vaxt narkotik istifadə etməyib. Amma, heç narkotik istifadə edən adam cibinə onu qoyub polis bölməsinə getməz", deyə həyat yoldaşı qeyd edib.

Onun sözlərinə görə, o, dəfələrlə polis bölməsinə çağırılıb və ondan həyat yoldaşının narkotik istifadəçisi olduğu haqqında ifadə almağa çalışıblar. "Sonradan Anar deyib ki, təzyiq altında etirafedici ifadələr verib. Ona etiraf etməsə, ailə üzvləri ilə "problemlər" olacağını deyiblər, o da "etiraf etmək" məcburiyyətində qalıb", deyə həyat yoldaşı qeyd edib.

Avqustun 4-də Anarə Vəliyeva Azərbaycandan Almaniyaya buraxılmayıb. Qadının sözlərinə görə, elə həmin gün onu Nizami Rayon Polis İdarəsinə çağırıblar və niyə "ölkədən qaçmaq" istədiyini soruşublar.

"Dedim ki, ölkədən qaçmırdım, əvvəlcədən aldığım biletlə yaşadığım, oturumum olan,  işlədiyim ölkəyə gedirdim", deyən Əliyeva ölkədən çıxışına icazə verilməməsinin qanunsuz olduğunu əlavə edib.

Hazırda Əliyevlərin hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edir. O, hələlik məhbusla görüşə bilməyib.

"Biz 2016-cı ildə Almaniyaya köçmüşük. Yoldaşım bir müddət orada siyasi fəaliyyətlə məşğul olub, "Demokratik Azərbaycanı Seç" birliyinin təşkil etdiyi etiraz aksiyalarında iştirak edib, amma təhqirə yol verməyib. Son üç ilə yaxındır ki, heç bir siyasi fəaliyyəti olmayıb. Bununla belə, o, hakimiyyətin qara siyahısına düşərək həbs edilib", deyə həyat yoldaşı bildirib.

Öz növbəsində, vəkil Elçin Sadıqov bildirib ki, Vəliyevə qarşı 234.4.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi, bir qrup şəxs tərəfindən və ya əvvəlcədən əlbir olmaqla törədildikdə) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələrlə ittiham irəli sürülüb, bu ittihamlarla onu 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Turan-a bildirib ki, Anar Əliyev konkret cinayət əməlini törətməkdə şübhəli bilinərək məsuliyyətə cəlb olunub, istintaq davam edir".

O, məhbusun həyat yoldaşının iddialarının həqiqətə uyğun olmadığını bildirib.