Cənubi Qafqazda ən aşağı sürətli internet Azərbaycandadır - Dünyada isə 167-ci yerdəyik

 

Cənubi Qafqaz ölkələrində internetin ən aşağı sürəti Azərbaycanda qeydə alınıb. "AzPolitika.info" xəbər verir ki, bu barədə Cable.co.uk 2021-ci ildə dünya miqyasında genişzolaqlı internet sürətinə dair hesabatında bildirib. Azərbaycanda internetin orda sürəti 6,63 Mbit saniyədir. Bununla ölkəmiz siyahıda 167-ci yerdə qərar tutub.

Gürcüstan 18,83 Mbit sürətlə 112, Ermənistan isə 18,05 Mbit sürətlə 101-ci yerdə gəlir.

Türkmənistan dünyada ən yavaş internetə malik ölkə kimi tanınıb. Belə ki, bu ölkədəki istifadəçilər bir filmin yükləməsini bir gün gözləməlidir. Çünki burada internetin gücü 0,50 mb-dir. Cable.co.uk-un hesabatına əsasən Türkmənistan 224 ölkə arasında sonuncu yerdə gəlir. Hesabatda göstərilir ki, 5 qiqbaytlıq həcmdəki bir film faylı bu ölkədə 22 saat 34 dəqiqə ərzində yüklənir.

Hesabata əsasən bu gizli və təcrid olunmuş Mərkəzi Asiya ölkəsi internet sürətinə görə Yəmən, Cənubi Sudan, Somali və Əfqanıstan kimi müharibədən əziyyət çəkən ölkələrdən belə geridə qalır. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsini dəmir yumruqla idarə edir, bir çox vətəndaşı yoxsulluğa sövq edən iqtisadi böhran fonunda o xarici dünya ilə əlaqələri bağlayıb.

Müqayisə üçün üç keçmiş sovet respublikası – Estoniya, Latviya və Litva hazırda Avropada internet sürətinə görə dünyada ilk 40-lıqda yer alır.Estoniyada orta sürət saniyədə 84,72 Mbit,-dir ki, bu onu dünyada 22-ci yerə çıxarır. Latviya saniyədə 63.28 Mbit sürətlə 33, Litva isə 56.17 Mbit sürətlə 37-ci yerdə qərarlaşır.

Siyahıda birinci yerdə Böyük Britaniya koloniyası olan Cersi adası gəlir. Belə ki, burada istifadəçilərin hamsının genişzolaqlı fiberoptik internetə çıxışı olduğu göstərilir.

"AzPolitika.info"