Çinin BMT-dəki nümayəndəsi: “Ölkələrin ərazi bütövlüyünə hörmət edilməlidir”

Çin ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət mövqeyi tutur.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun bildirib.

“Ukraynadakı münaqişəyə necə baxılması ilə bağlı mövqeyimiz dəyişməz və aydın olaraq qalır - ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir”, - o, BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında bildirib.

Çin nümayəndəsi həmçinin qeyd edib ki, ölkələrin qanuni təhlükəsizlik narahatlıqları ciddi qəbul edilməlidir.

Diplomatın sözlərinə görə, BMT Nizamnaməsinin prinsiplərinə hörmətlə yanaşılmalı, eyni zamanda bütün ölkələrin təhlükəsizlik problemləri nəzərə alınmalıdır.

"Bu böhranın sülh yolu ilə həllinə gətirib çıxara biləcək bütün səyləri dəstəkləmək lazımdır. Çin həmişə sülhün tərəfində olub, sülh və dialoqa sadiq olub və bundan sonra da konstruktiv rol oynayacaq", - o əlavə edib.