01 November 2021

Rusiya ilə Ermənistan kommunikasiyaların açılmasını müzakirə edib

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Ararat Mirzoyan arasında telefon danışığı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında qeyd olunur:

“Nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq, Cənubi Qafqazda bütün kommunikasiyaları açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər. Həmçinin Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb”.

Qırğız Prezidentinin təyyarəsi Böyük Britaniyaya buraxılmadı

Qırğız Respublikası Prezidenti Sadir Japarovun SSRİ-Rusiya istehsalı “TU-154” tipli təyyarəsi Avropa İttifaqı və Böyük Britaniyada qüvvədə olan standartlara uyğun gəlmədiyi üçün BMT İqlim Dəyişikliyi Sammitinin keçirildiyi Qlazqo şəhərinə buraxılmayıb.

Giperssilka “Report”a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezident Administrasiyasından bildiriblər.

Nəticədə Prezident və nümayəndə heyəti Qlazqo şəhərinə getmək üçün “Embraer Lineage 1000” tipli özəl təyyarə kirayələməli olub.

Taliban hökumətinə müqavimət göstərən Milli Müqavimət Cəbhəsi ABŞ-da qeydiyyatdan keçib

ABŞ rəsmiləri Əfqanıstanda Taliban hökumətinə müqavimət göstərən yeni yaradılmış silahlı qrupun ABŞ-da qeydiyyatdan keçdiyini təsdiqləyib.

Təsdiq Talibana qarşı olan Milli Müqavimət Cəbhəsinin (NRF) beynəlxalq ofisinin Amerikada “rəsmi olaraq açılması üçün icazə verildiyi” ilə bağlı iddialarına cavab olaraq gəlib.

Anti-Taliban qrupunun xarici əlaqələr üzrə rəhbəri Əli Məysam Nəzəri bu barədə cümə günü tvitter səhifəsində açıqlama verərək, Milli Müqavimət Cəbhəsinin “tezliklə bütün dünyada fəaliyyətini genişləndirəcəyini” vəd edib.

Azərbaycanın daha bir boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/8 final mərhələsinin keçirilir.

Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Monqolustanlı Enxmandağ Xarxuunu mübarizədən kənarlaşdıran Məsud Yusifzadə (51 kq) bu gün 1/8 finalda puerto-rikolu Yankiel Rivera ilə döyüşüb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saengfetə qarşı keçirəcək.

Kanada Fondu İslamofobiya qurbanlarına dəstək verir

Kanada İslam Fondu İslamofobiya qurbanlarına dəstək məqsədilə Edmontondakı İslam Mərkəzinə 100 min dollar qrant ayırıb. Belə bir layihəyə sponsorluq etmək qərarı bir il ərzində Kanadada islamafobiya hücumlarının qeyri-adi artımından sonra qəbul edilib. Hücumların çoxu şiddətli və qurbanlara fiziki xəsarət yetirməklə qeydə alınıb. Pilot proqram çərçivəsində islamofobiya qurbanlarına müalicə və psixoterapevtik yardım göstəriləcək, məhkəməyə müraciət etmək qərarına gələnlərə hüquqi dəstək göstəriləcək.

Nigeriyada Boko Haram terrorçularına qarşı geniş əməliyyat

Qərbi Afrika ölkəsi Nigeriyanın şimal-şərqində terror təşkilatı Boko Haram əleyhinə əməliyyat həyata keçirilib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Ordu sözçüsü Onyema Nvaçukvu əməliyyata dair açıqlamasında hərbi birləşmələrin oktyabrın 30-da Borno əyalətinin Sambisa meşəsində Boko Harama qarşı “Hadin Kay” əməliyyatını həyata keçirdiyini bildirib. Əməliyyatda 37 terrorçunun zərərsizləşdirildiyini ifadə edən Nvaçukvu təşkilata məxsus silah-sürsat, nəqliyyat vasitələri, neft məhsullarının müsadirə edildiyini qeyd edib.

ABŞ təyyarələri Rusiya gəmilərini batırmağı sınaqdan keçirir

ABŞ-ın “Forbes” jurnalında “ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarələri özünün yeni missiyasını – Rusiya gəmilərini batırmağı sınaqdan keçirir” başlıqlı məqalə çap olunub. Məqalənin müəllifi “Forbes”in əməkdaşı Devid Əksdir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan, istehsalına qırx il əvvəl başlanmış B-1 bombardmançı döyüş təyyarələri artıq öz ömrünü başa vurub.

İranın nüvə razılaşması danışıqlarının bərpa tarixi bir həftəyə açıqlanacaq

Eastnews.org-un verdiyi xəbərə görə, nüvə sazişinə qayıdış üzrə danışıqların bərpasının tarixi bir həftə ərzində açıqlanacaq.   Bunu bu gün keçirilən mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.   “Daha əvvəl (xarici işlər nazirinin müavini Əli) Baqirinin dediyi kimi, Vyanada danışıqlar məsələsi noyabrın sonuna kimi həll olunacaq”, - deyə o bildirib.

Putin S-500 sisteminin tezliklə Rusiya ordusunun istifadəsinə veriləcəyini bildirib

Yeni S-500 hava hücumundan müdafiə sistemləri tezliklə Rusiya ordusunun istifadəsinə veriləcək.

Giperssilka APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə hərbi sənaye kompleksinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, qarşıdakı illərdə 200-dən çox uçuş aparatı, 26 ədəd S-350 və S-400 zenit raket kompleksi, eləcə də yeni S-500 sistemləri Rusiya ordusunun istifadəsinə veriləcək.

Rövnəq Abdullayev Cüdo Federasiyasının prezidenti postunu tərk edib

Turan: Azərbaycan Cüdo Federasiyasının hesabat-seçki konfransında təşkilatın rəhbərliyi dəyişdirilib.

Rövnəq Abdullayevin əvəzinə yeni təyin olunmuş rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev  5 il müddətinə Federasiyanın yeni prezidenti seçilib.

SOCAR-ın rəhbəri Abdullayev 2015-ci ildən Cüdo Federasiyasının prezidenti postunu tutub. Abdullayev həmçinin Milli Futbol Federasiyasına rəhbərlik edir.

Qeyd edək ki, 2021-ci ilin yayında keçirilən son Olimpiadada Azərbaycan cüdoçularının uğursuz çıxışından sonra kişi yığmasının bütün məşqçiləri istefaya göndərilib.

Talibana qarşı döyüşən Pəncşir Qüvvələrinin lideri Tacikistana keçib

Əfqanıstanda Talibana qarşı döyüşən Pəncşirin “Milli Müqavimət Cəbhəsi”nin lideri Əhməd Məsud Tacikistana keçib.

SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə Pəncşirin sabiq valisinin müavini və “Milli Müqavimət Cəbhəsi”nin sözçüsü Kəbir Vasiq deyib.

Bildirilib ki, “Milli Müqavimət Cəbhəsi”nin lideri Əhməd Məsud danışıqlar aparmaq üçün Tacikistandadır.

Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurmadan sonra açılışı olub

Noyabrın 1-də Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

İran: "İsrail İranın imkanlarından yaxşı xəbərdardır"

Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar üçün 1,5 milyard dollar ayırması barədə verdiyi açıqlamasında bildirib ki, Qüdsdəki rejim İranın imkanlarını yaxşı bilir.   Səid Xətibzadə bu gün yerli və xarici media müxbirləri ilə həftəlik görüşdə xarici siyasət sahəsindəki son hadisələri izah edərkən jurnalistlərin suallarını cavablandırıb.

Aİ "Hizbullah"ın siyasi qolunu terrorçu olaraq tanımır

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqının rəsmisi Peter Stano Livanın "Hizbullah" hərəkatı ilə bağlı açıqlama verib.   O, verdiyi açıqlamada vurğulayıb ki, Livanın "Hizbullah" hərəkatının siyasi qolunu terrorçu təşkilatlar siyahısına salmaq üçün Avropa İttifaqına üzv dövlətlərin bütün üzvlərinin yekdil razılığı olmalıdır.   Peter Stano bundan əlavə yəhudiləri qorumağa davam edəcəklərini də sözlərinə əlavə edib.

Bu gündən işıq və qazın yeni qiymətləri qüvvəyə mindi

Azərbaycanda Tarif Şurasının qərarı ilə işıq və qazın yeni qiymətləri bu gündən qüvvəyə minib.

Musavat.com bildirir ki, bu gündən elektrikin qiyməti istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.

Bu günə kimi əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edirdi.

Kamran Əliyev: “Korrupsiya ilə mübarizə sahəsində işlər daha da genişləndiriləcək”

“Beynəlxalq Prokurorlar Assosiasiyası ilə cinayətkarlığın bütün sahələrinə qarşı mübarizə üzrə əməkdaşlıq davam edir”.

“Az.shafaqna.com” xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, korrupsiya ilə mübarizə sahəsində işləri gələcəkdə daha da genişləndirmək nəzərdə tutulub: “Hazırda bu istiqamətdə müzakirələr gedir”.

Qarabağda ilk idman yarışı keçirilir

İşğaldan azad edilən ərazilərdə ilk dəfə olaraq idman yarışı təşkil edilib.

Az.shafaqna.com-un məlumatına görə, əlillər arasında qılıncoynatma üzrə yarışların yarımfinal və final mərhələsi bu gün Ağdamda keçiriləcək. Yarışlarda məhz Qarabağ qaziləri iştirak edir.

“Zəfər kuboku” adlanan yarış 8 Noyabr-Zəfər gününə həsr olunub.

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə Bakıdan Ağdama gələn nümayəndə heyətinin üzvləri əvvəlcə Ağdam Cümə məscidində namaz qılıblar.

ABŞ-ın hərbi gəmisi Qara dənizdə təhlükəsizlik əməliyyatlarında iştirak edəcək

ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasına məxsus “USSMount Whitney” hərbi gəmisi Qara dənizə yola düşüb.

Giperssilka APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Altıncı Dəniz Donanmasının “Twitter” hesabında bildirilib.

Hərbi gəmi NATO müttəfiqləri və tərəfdaşları ilə Qara dənizdə birgə əməliyyatlarda iştirak edəcək.

Qeyd edək ki, ötən həftə ABŞ və NATO liderləri Aralıq dənizi və Qara dəniz regionlarında təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş əməliyyatlara başlanıldığını bəyan edib.

İraq təhlükəsizlik qüvvvələri son gündə 13 İŞİD üzvünü ələ keçiriblər

İraqın Terrorla Mübarizə İdarəsi qüvvələri son gündə bir neçə əyalətdə 13 İŞİD üzvünü ələ keçiriblər.

SalamNews xəbər verir ki, bu barədə İraqın Silahlı Qüvvələrinin sözçüsü Yəhya Rəsul rəsmi tvitter səhifəsində paylaşım edib.

Bildirilib ki, İraqın əl-Ənbar, Bağdad və Diyala əyalətlərində 13 İŞİD üzvü ələ keçirilib.

3 boksçumuz dünya çempionatının 1/4 finalına yüksəlib

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.

Boksçumuz Alfonso Dominqes (86 kq) AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanidən sonra rumıniyalı Pol Aradoae ilə qüvvəsini sınayıb. Avropa Oyunlarının qalibi bu dəfə də rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:27, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Görüş noyabrın 2-də baş tutacaq.

Yəmən sahillərinə yaxın sularda İranın neft tankerinə hücum edilib

Qırmızı dənizlə Ədən dənizinin birləşdirən əl-Məndib boğazında İranın bir neft tankerinə hücum edilib.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İran Ordusunun Dəniz Qüvvələri bəyanat verib.

Bəyanatda bildirilib ki, əl-Məndib boğazında İranın bir neft tankerinə dəniz quldurları tərəfindən hücum edilib. 

Əlavə edilib ki, hücum ərazidə olan İran Dəniz Qüvvələrinin komandası tərəfindən zamanında dəf edilib.

Nardaran məhbusu ölümlə mücadilədə

Nardaran hadisələri zamanı həbs olunan Cihad Babakişizadə Qobustanda cəza müddətini başa vurduqdan sonra yenidən Qaradağ rayonundakı 12-saylı cəzaçəkmə müəsisəsinə köçürülüb. Lakin müəssisəyə arzulanmayan məhbus olaraq gələn C. Babakişizadə elə bir başada da heç bir səbəb olmadan karserə salınıb. Onun karserə salınmasını yenidən Qobustan həbsxanasına göndərilməsi ilə bağlayan məhbus, buna etirazını bildirsə də, rəhbərlik öz addımında israrlıdır.

Çinin inkişaf tempi başgicəlləndiricidir

ABŞ-ın ikinci ən yüksək rütbəli generalı ölkəsinin Çinlə bağlı narahatlıq keçirdiyini etiraf edib.

ABNA24 Xəbər Verir,Tayvanda ABŞ və Çin arasında gərginliyin günbəgün artması bütün dünyanın diqqətini bu iki supergücə çevirib.

ABŞ-ın baş qərargah rəisi general Mark Millidən sonra ikinci ən yüksək rütbəli generalı da Amerikanın Çinlə bağlı narahatlığını dilə gətirib. O, Çin ordusunun inkişaf sürətinin heyrət doğuran olduğunu və ABŞ-ın qəddar bürokratiyaya ilişib qaldığını deyib.

Bu il Azərbaycanda ən çox qoyulan adlar – SİYAHI

Bu ilin on ayı ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

“Az.shafaqna.com” uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir.

Belə ki, ötən müddət ərzində oğlan uşaqlarına ən çox verilən ad Əli olub. Bu ad il ərzində 1299 uşağa qoyulub.

Beləliklə, yanvar-oktyabr aylarında Əli adı uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb.

Vatsap bu gündən bəzi telefonlarda fəaliyyətini dayandırıb

Vatsap noyabrın 1-dən öz tətbiqini köhnə smartfonlarda - 4.1 android və 10 iOS-dan aşağı versiyalarda dəstəkləməyəcək.

Giperssilka “Report”a istinadən xəbər verir ki, vatsap iş qaydalarında dəyişiklikləri oktyabrda öz saytında elan edib.

Məlumata görə, noyabrın 1-dən proqram 4.1-dən aşağı olmayan android smartfonlarında və iOS 10-dan başlayan “iPhone”larda əməliyyat sistemləri ilə işləyəcək. Vatsap köhnə cihazlarda rəsmi olaraq proqram təminatını dəstəkləməkdən imtina edib.

İran XİN sözçüsü Səudiyyə Ərəbistanı ilə ilkin razılaşmalardan söz açıb

“İlkin razılaşmalar qarşılıqlı şəkildə araşdırılır. Səudiyyə Ərəbistanı ilə danışıqlar dörd tur keçirilib və təmaslar hələ də davam edir. Səfirliklərin açılması bu tezliklə görünmür, lakin bu istiqamətdə proses tezliklə başlayacaq.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Səid Xətibzadə deyib.

Səudiyyə xarici işlər nazirinin Hizbullaha düşmən münasibəti

Səudiyyə Ərəbistanının xarici işlər naziri Fəysəl bin Fərhan bildirib ki, "Hizbullahın Livan siyasəti üzərində hökmranlığı davam edərkən Beyrutla əlaqələr faydasızdır". Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

Bin Fərhan, Livanın İnformasiya naziri Corc Kardahinin Əl Ərəbiyyə televiziyasına Yəmənlə bağlı Ər-Riyad rəhbərliyini tənqid edən açıqlamalarından sonra üç körfəz ölkəsinin Səudiyyə Ərəbistanı ilə yanaşı Livandan səfirlərini geri çəkməsinə səbəb olan açıqlamalarından danışıb.