Buzovnalılar yenidən prezident İlham Əliyevə müraciət ediblər

Buzovna qəsəbəsinin ictimai fəalları Azərbaycan prezidenti İlham Əliyevə müraciətin yer aldığı videoçarx çəkiblər və  Youtube-da yerləşdiriblər. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayır.

Videomüraciətdə məqsəd dövləti yerli torpaq sahibləri tərəfindən zəbt olunmaqdan qurtulmağa, Xəzər sahilindəki tarixi qayaların təmizlənməsi və ictimai istifadə üçün mühafizəsinə cəlb etməkdir.

Film unikal qaya massivinin tarixi və təbii özəlliklərinin təsvirilə başlayır. Bu qayalarda bir neçə Azərbaycan bədii və musiqili filmi çəkilib.

Sonra videoçarxın müəllifləri Google Map peyk xəritəsindən istifadə edərək mülkiyyətçilər tərəfindən dənizin kənarına qədər tikilmiş və hasarlarla ayrılmış Xəzər sahilini yüksəklikdən nümayiş etdirirlər.

Videomüraciət müəllifləri Buzovnadakı 15 torpaq sahəsinin ərazisindəki qayaların tikinti tullantıları  ilə zibilləndiyini və ya tamamilə dağıdıldığını göstərirlər.

Bu ilin mayında Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyilə Buzovna fəalları sakinlərin  dənizə çıxışını əngəlləyən bir neçə qanunsuz hasarın dağıdılmasına nail olublar. Rayon  İcra Hakimiyyətindən Turan-a bildiriblər ki, hakimiyyət sahilin qanunsuz tikililərdən tam azad edilməsinə nail olacaq.

Lakin fəal Seyfulla Əli Turan-a bildirib ki, Buzovna qəsəbəsində bir neçə hasarın dağıdılması ilə sahil zolağının azad edilməsi dayanıb.

Ərazisi qayalıq massivə baxan torpaq sahəsi sahiblərinin heç biri şəhərsalma və memarlıq haqqında qanuna əməl etmir. Bu qanuna görə, dənizin yaxınlığında 20-50 metrlik zolağı özəlləşdirib ictimai istifadə üçün bağlamaq olmaz, Seyfulla Əli deyib.