Bu, şəxsi ambisiyaların mübahisə predmeti və ya hisslərin nümayişi deyil, əqidənin ən ali prinsipi, insanlığın başlanğıcı olan Allahın ünvanına edilən təhqirə etirazdır

 
"Azərbaycanlıların Allaha inanclı xalq olaraq Allahın təhqir edilməsi mövzusunda narahatlıq göstərməsi tam məntiqlidir. Həbsxanadan iyunun 3-də başlanan təhqirə etiraz aksiyasına dəstəklər də bu əqidənin əməli nümunəsi olaraq təzahür etməkdədir. Təəssüf ki, artıq günlər keçməsinə baxmayaraq güc strukrurlarından hələ də buna cavab görünmür. Təbii olaraq cinayətkarların polis adına ləkə gətirən addımları cəzalanmayana qədər nə bu əməlin pis xisləti tərk edilməyəcək, nə də belə iyrənc əməlin icraçıları növbəti addımında bunun davamından çəkinməyəcəklər.
Hakimiyyətin həll edəcəyi əsas məsələ isə, öz üzərinə düşən məsuliyyətlə müqəssirləri cəzalandıraraq neçə-neçə günahsızın üzərindən töhməti qaldırmaq olar. Ancaq hələ ki, bu mövzuda kənar təsirlərlə vəziyyəti dəyişmə, cəmiyyətdə çaşqınlıq yaratma motivləri məsələnin həlli cəhdlərindən qat-qat çoxdur.
Biz, birmənalı olaraq fərqli fikirlər söyləyən hakim dairə mənsublarının iddialarına cavab vermişik və verməkdəyik. Azərbaycan xalqının inancını təhqir edən polislər elə bütün Azərbaycandan da üzr istəməli və bundan sonra qanunun tələbinə müvafiq cəzalanmalıdırlar. Bu metod polisdə artıq on illərdir ki, mövcuddur. Saxlanılan bir çox şəxslərin üzr videoları efirdən tirajlanması yeni deyil. Əgər iddia polisin Allahı təhqir etməməsidirsə (necə ki, bunu artıq səsləndirən olub) bunun da ən bəsit yolu işgəncə videosunun yayımıdır. Qoy video yayımında haqlı tərəf bütün xalq üçün bəlli olsun.
Biz, bir daha bəyan edirik: Bu, şəxsi ambisiyaların mübahisə predmeti və ya hisslərin nümayişi deyil. Bu, əqidənin ən ali prinsipi, insanlığın başlanğıcı olan Allahın ünvanına edilən təhqirə etirazdır. Təhqir heç bir halda yol verilən deyil və müqəssirlər, kimliyindən asılı olmayaraq cəzalanmalıdır".
MBH-Müsəlman Birliyi Hərəkatı.
09.06.2022.