"Bu hökumət bizi də sevəydi erməni qatilləri sevdiyi qədər" - Arzu Abdulla

Jurnalist Arzu Abdullanın erməni əsirlərin geri qaytarılması ilə bağlı yazısını təqdim edirik:

"Üstünə atılan böhtanların heç biri məhkəmədə sübut olunmadığı halda 20 il müddətinə azadlıqdan məhrum edilən Gəncə məhbusu hepatit xəstəsi Eşqin Quliyev hökmdən 10 gün sonra öldü. O, hökm oxunanda şoka düşdü və bu şokun təsirindən öldü. Mənə zəng etmişdi ölümündən 5 gün öncə: "Məni burda ölməyə qoymayın, yalvarıram. Mənim günahım yoxdu, vallah yoxdu".

Daim başımızı kəsənlərə, Vətənimizi işğal edənlərə qarşı bizdə tolerantlıq, humanizm aşılayan YAP hökuməti nədənsə bu humanizmi və tolerantlığı xalqa gələndə unudur və qəddarlaşır. 
YAP hökumətinin tolerantlığı və humanizmi sanki qatil, qanımızı içən ermənilər üçün nəzərdə tutulub. 

Livan erməniləri Maral Nacaryan və əri Viken Eulcekyan muzdlu qatil, cinayətkarlara Azərbaycan hökumətinin sevgisi, humanizmi də buna sübutdur. 

Livanlı qatillər, ər-arvad snayperləri ordumuz əsir almışdı. Yüzlərlə əsgərimizi ürəyindən, başından güllə ilə vurub öldürən Maral Nacaryanı 10 martda xüsusi təyyarə ilə Livana yola salan hökumətimiz onun terrorçu ərini Eulcekcian Viken Abrahama Bakı Hərbi Məhkəməsində 20 il müddətinə azadlıqdan məhrum edib.

 Terrorçu Viken cəzasının 5 ilini həbsxanada, 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. 

"Azərbaycan qazını Nardarana puluyla vermirsiz, erməni kilsələrinə pulsuz verirsiniz" deyib hökumətin yarıtmaz fəaliyyətini tənqid etdiyinə görə Tale Bağırzadəyə 20 il həbs cəzası verilib və hamısını da Qobustanda ciddi rejimdə çəkmək şərti ilə. 

Gəncə məhbusu Oktay Hüseynzadəyə 18 il həbs cəzası verilib Ataş ləqəbini daşıdığına görə.

Gəncə məhbusu Bəkrəm Əliyevə 15 il həbs cəzası verilib polis papağı ayağının yaxınlığına düşdüyünə görə.

Gəncə məhbusu  Hepatit xəstəsi və tənəfüs çatışmazlığından əziyyət çəkən iki uşaq atası Nizami Ələkbərovun rəhmətlik atası Qarabağ qazisi olub. Lakin hökm oxunanda bütün bunlar nəzərə alınmadı. Heç bir günahı olmadığı halda onu 8 il müddətinə azadlıqdan mərhum etdilər. 

Nardaran məhbusu Abbas Hüseyn sadəcə olaraq bu ölkədə insan haqlarının keçərli olmasını istədi və 18 il həbs cəzası aldı. 

Ermənilərin 3 dəfə qazını kəsib onları günlərlə qazsız qoyduğuna və digər uğurlu əməliyyatlarına görə ermənilərin başına külli miqdarda pul qoyduğu döyüşçümüz Elçin Əmiraslanova da ömürlük həbs cəzası verdi YAP hökuməti. 

Birinci Qarabağ müharibəsində az sayda uğurlu əməliyyatlardan olan Başkənd əməliyyatının komandirlərindən Saleh Rüstəmliyə  7 il 3 ay həbs cəzası verildi. Tək günahı torpağımızı işğal edən ermənilərə qarşı döyüşməsi və halal qazancından məhbus ailələrinə maddi yardım etməsi idi. 

Şəhid qardaşı Abgül Süleymanovu isə Mübariz İbrahimovu xalqa olduğu kimi tanıtdırdığına görə şərləyib həbs etdilər. Axı Mübarizi də Tərtər məhbusları kimi vətən xaini elan edəcəkdilər. Amma Abgül imkan vermədi. 

Jurnalist Salatın Əsgərovanın qatilləri və minlərlə günahsız azərbaycanlının qatilləri Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyanı Şəhidimiz İsrafil Şahverdiyevin başçılığı ilə əsir alan əsgərlərimiz də çox sevinmişdi. 1991-ci ilin mayında tutulmuşdu bu erməni qatilləri. 

1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı naməlum səbəblərdən 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilir.

Təsəvvür edirsiz, bu dəstə hələ müharibə başlamamış azərbaycanlıların evinə basqın edib öldürüb, qadınları əsir alıb qonşu kəndlərdə satırdılar, fahişə kimi. Azərbaycan qadınlarını, ailəsini belə zülmə düçar qoyanları bağışlayan YAP hökuməti günahız insanlarımıza niyə bu qədər həbs cəzası verir? Siz kimdən yanasınız? 

Bu siyahı o qədər uzundur ki, yazmaqla bitməz- bu hökumətin erməni sevgisi kimi... bitməz ki bitməz...         

     

 Arzu Abdulla Gülzaman"