Bu gün Məhərrəm ayının 11-dir, günün tarixi hadisələri

Hicri-qəməri tarixi ilə bu gün 1444-cü ilin Məhərrəm ayının 11-dir. Belə bir gündə İmam Hüseynin ailə və uşaqları əsir götürüldükdən sonra Kufəyə daha sonra isə Şama aparılıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, tarixi faktlara əsasən Aşura günü yəni Məhərrəm ayının 10-da günortadan az keçmiş İmam Hüseyn aldığı çoxsaylı ox, nizə, qılınc və daş yaralarından atdan yerə düşür. Şimr ibni Zilcouşən Yezidin İraq valisi Ubeydullah ibni Ziyaddan ənam ala bilsin deyə imamın mübarək başını kəsir. İmam Hüseyn Kərbəlada kiçik döyüş meydanında olan sonuncu şəxs idi. Ondan sonra Yezidin ordusu İmam Hüseynin ailəsinin olduğu çadırlara hücum çəkirlər. Peyğəmbər nəslinin qadın nümayəndələrinə, azyaşlı uşaqları və xəstələrinə burada hücumlar edilir və onlar işkəncə ilə zəncirlənirlər. Aşura günü axşama yaxın İmam Hüseynin yaxınlarının hamısı zəncirləndi. Onların arasında 12 uşaq, yeniyetmə və 11 qadın var idi. Dördüncü imam Zeynulabidin əlyhisalam da xəstələrdən biri idi. Onların bəziləri yəhərsiz dəvə və atlara mindirildi və Küfəyə doğru aparıldı. Əsirlər aparılan zaman İmam Hüseynin və digər 72 səhabəsinin şəhid edildiyi qətligah deyilən döyüş meydanından keçdilər. Burada tanınmaz hala salınmış şəhidlərin vəziyyəti onların yaxınları olan Əhli-Beyt xanımlarının ürəyinə dərd salırdı. Lakin həzrət Zeynəb bunu görəndə dedi; İlahi bizdən bu qurbanı qəbul et!

Əsirlər aparılırdı, öndə də şəhid edilən 72 nəfərin başı nizələr üzərində gedirdi. Bu başlar nizələrə sancılmışdı ki, üsyan etmək niyyətində olan Küfə və İraq camaatına bir təhdid mesajı olsun.

Məhərrəmin 11-də İmam Hüseynin mübarək başı öndə olmaqla 72 səhabəsinin başı xüsusi mərasim çərçivəsində Küfədə Ubeydullah ibni Ziyadın sarayına gətirilir. Ardınca da Peyğəmbərin müharibə əsiri kimi zəncirləşmiş nəslinin nümayəndələri Yezidin İraq üzrə valisi Ubeydullah ibni Ziyadın sarayına daxil olur. Kufə camaatının bəzisi Peyğəmbər balasının və ailəsinin belə qətliam edilməsindən xəbərsiz idi. Onlar İmamın mübarək başını Ubeydullah ibni Ziyadın sarayında görəndə və ailəsinin müharibə əsiri kimi zəncirləndiyini, fiziki və mənəvi işkəncə edildiyi görəndə dəhşətə gəlirdilər. Lakin artıq hər şey gec idi. İmam Hüseynin yardımına getməyən və ya ona edilən zülmə sükut edənlərin vicdan əzabının da heç bir faydası qalmamışdı.