Bizim Polad -2 VİDEO

Hər ölkənin tarixində vətəni üçün fədakarlıqlar edib canından keçən şəxsiyyətlər olub. İllər,əsirlər ötüb keçsə belə, o cür insanlar daim qürurla, şərəf hissi ilə xatırlanırlar. 

Vətənimiz Azərbaycanın tarix səhifələrində canlarından keçmiş minlərlə şəxslər var. Son 2 ildə isə, haqqında yazılmış kitablardan və inandığımız insanlardan öyrəndiyimiz, fədakar xidməti ilə adını yaddaşlara və qəlblərə əbədi həkk etdirən, əsl vətən oğlu generalımız, Polad Həşimovdur ki, ölməz qəhrəmanlarımızın sırasına daxil olub. Polad öz adını Azərbaycan tarixinin şanlı, qürur dolu səhifəsinə yazdırdı. Azərbaycan xalqının növbəti oyanışı, milli həmrəyliyi Poladın şəhadəti ilə başladı.
Polad və onun kimi oğullar vətənimizi zülmətin qaranlığından çıxarıb, işıqa aparan bir mayaka bənzədilər.

Əziz anası Səmayə xanımın da qeyd etdiyi kimi, "o, kabinetin deyil, səngərin generalı idi". Onun iş fəaliyyətinə nəzər etsək,aydın görünür ki, Polad Həşimov vəzifə, kreslo arxasında əyləşmək həvəsi göstərməyib. O böyük şəxs onu tanıyanların qəlbində, könlündə taxt qurmaq üçün səy edib. 

Polad Həşimov vətənə olan bağlılıq və məhəbbət dolu çalışqanlığı ilə Azərbaycan xalqının sonsuz sevgisini qazandı. Nümunəvi komandir kimi təkcə əsgərlərinin deyil, bütöv xalqın xatirələrində ömürlük özünə yer etdi. Adı kimi polad iradəli generalımızın düşmən qarşısındakı məğrur duruşundan hələ çox danışılacaq.

Polad Həşimov ucaldığı şəhadət məqamı ilə daim ölümsüz olacaq. Əslində,onu ölümsüz edən bir səbəb də budur ki, həyat fəaliyyətində insanların qəlbində sevgi və rəğbət qazanmışdı. O,general olsa belə insanlarla ünsiyyətdə çox sadə idi.  Kaş bütün vəzifəlilər və bundan sonra gələn nəsillər Polad Həşimovu özünə örnək götürüb onun keçdiyi ömür yolunu öyrənib öz həyatlarına tətbiq edə bilərdilər.

Allahdan Polad Həşimova və Tovuz döyüşlərində şəhid olan bütün qardaşlarıma rəhmət diləyirəm.

Siyasi Məhbus Abbas Hüseyn